Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Mətbuatının 150-ci ildönümü münasibətilə videomüraciət yayımlayıb.
HİT.az xəbər verir ki, müraciətində bu tarix münasibətilə təbriklərini çatdıran Fəxrəddin Altun mətbuatı cəmiyyətə doğru, obyektiv və vaxtlı-vaxtında informasiya çatdıran və demokratiyanın ayrılmaz ünsürlərindən biri kimi dəyərləndirib.
150 illik tarixi keçmişə malik Azərbaycan mətbuatını xəbər çatdırmaqla yanaş, həm də xalqın səsi, mədəni irsin daşıyıcısı, söz azadlığının müdafiəçisi və xalqın gur səsi kimi dəyərləndirən idarə rəisi gerçəklərin ictimaiyyətə çatdırılmasını özünün vəzifəsi hesab edən, ədalətli mətbuat mədəniyyətinin davam etdirilməsinə töhfə verən, təsir etmə və xəbərçilik prinsiplərinə sadiq bütün media nümayəndələrini təbrik edib:
“Dezinformasiyanın yüksək həddə çatdığı bir zamanda doğru məlumatların ictimaiyyətə çatdırılmasının məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda mübarizəyə verdiyi töhfələrdən məmnunluq duyuram. Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlayan Azərbaycan mətbuatının yolu böyük bir uğurla davam etməkdədir. Xüsusilə də İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də sistematik dezinformasiya cəhdlərinin iflasa uğradılmasında göstərdiyi gerçək bir uğur səbəbi ilə Azərbaycan mətbuatına təşəkkür edirəm. Haqlı mübarizənizi hayqırtı ilə müdafiə etməklə bərabər, həqiqətin də sözçülüyünü həyata keçirmisiniz. Türkiyə olaraq biz də bu müddətdə sizin həqiqət uğrunda mübarizənisə əlimizdən gəldiyi qədər böyük bir şövqlə çiyin verməyə çalışmışıq. Beynəlxalq ictimaiyyətin yalan və təxəyyül məhsulu olan məzmun və dezinformasiya ilə zəhərlənməsinə mane olmuşuq. Beləcə Türkiyə və Azərbaycanın hər sahədə olduğu kimi, mətbuat və kommunikasiya sahəsində də mövcud bərabərliyinin formalaşdırdığı gücü bir daha sərgilədik. Bildirmək istərdim ki, biz ölkələrimiz arasında rabitə və media sahəsində qurduğumuz əməkdaşlığın möhkəm tarixi bağlar, ortaq dəyərlər çərçivəsində əksini görürük və bundan çox məmnunuq”.
Fəxrəddin Altun Bakı və İstanbul arasında 150 il əvvəl media sahəsində başlayan əlaqələrin 2020-ci il, dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Türkiyə və Azərbaycan Arasında Media sahəsində Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu” ilə daha da möhkəmləndiyini diqqətə çatdırıb.
O bildirib ki, Türkiyə - Azərbaycan Media Platforması mətbuat və kommunikasiya sahəsində həm Azərbaycanla əməkdaşlığı, həm də Türk dünyası ilə əlaqələrin inkişaf mərhələsində çox önəmlidir.
Fəxrəddin Altun sonda hər iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq əlaqələri çərçivəsində sərgilənən güclü iradə və əməkdaşlıq formatının ortaq gələcək hədəfinə çatmağa dəstək olduğunu söyləyib.