Ukraynanın strateji postlarında çalışan azərbaycanlıların sayı getdikcə artır. Onlardan biri də əslən İmişlidən olan Samir Əhəd oğlu Sadıqovdur.Latviyada anadan olan Samir Sadıqov hazırda Kiyev şəhərinin Şevçenko rayonunun prokuroru vəzifəsində çalışır.
O deyir ki, müharibə başlayandan bəri şəhər dəfələrlə raket hücumlarına məruz qalıb:
"Dəhşətli raket hücumları altında xidməti vəzifələrimizi yerinə yetirməyə davam edirik. Prokurorluq olaraq işimiz ağırlaşıb. Biz, prokurorlar kimi, raketlərin düşdüyü yerlərə gedirik. Bütün bunlar müvafiq protokollarda qeyd olunur və məlumatlar Vahid Məhkəməyə Qədər İstintaq Reyestrinə daxil edilir.”
Kiyevdə yaşayan digər həmyerlimiz, əslən Naxçıvandan olan Şamil Fərəcov da Ukrayna dövlətində vəzifə sahibi olan azərbaycanlılardandır. O, Kiyev meriyasında çalışır və Azadlıq Partiyasının idarə heyətinin üzvüdür:
"Ukraynada özünü dövlət xadimi kimi formalaşdırmaq üçün mənim yolum artıq tələbəlik illərindən başlayıb. Siyasətdə özümü sınamağa başladım. Azadlıq Partiyasının fəal fiquruyam. Partiyada yeganə azərbaycanlı mənəm. İndi Kiyev şəhərinin Ərazi Nəzarəti Departamentində Abadlaşdırma Nəzarəti Müfəttişliyinin rəis müavini vəzifəsində işləyirəm. Hazırda bildiyim qədər 200 gənc azərbaycanlı Ukraynada müxtəlif dövlət qurumlarında çalışır. Onlardan 15 nəfəri rəhbər vəzifələrdədir. Mən isə gələcəkdə Ukrayna prezidenti olmaq istəyirəm”.
Daha ətraflı Baku TV-nin sujetində: