Rusiya Federasiyasının son dövrlərdə apardığı hibrid hücumlar təkcə dövlət sərhədlərini deyil, xalqların birliyini, diasporların gücünü, milli ruhu da hədəf alır, onu sarsıtmağa yönəlir.
Bunu AZƏRTAC-ın Rumıniyadakı xüsusi müxbirinə müsahibəsində Dünya Rumınları Assosiasiyaları Federasiyasının sədri Daniel Teku söyləyib.
O, Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun üzvlərinə qarşı hücumlardan danışarkən deyib: “Bu, çox təəssüf doğuracaq hadisədir. Biz Rusiya tərəfindən yalnız fiziki yox, eyni zamanda, psixoloji və informasiya müstəvisində də hücumların şahidiyik. Rumın diasporu da bu hücumların qurbanıdır – bəzən birbaşa, bəzən isə dolayı yolla. Rusiya Avropada yaşayan rumınlara genişmiqyaslı dezinformasiya və təbliğat kampaniyaları vasitəsilə təsir göstərməyə çalışır.
Rusiya özünü “ideal dünya” kimi təqdim etməyə cəhd göstərir və demokratik dəyərləri gözdən salmağa yönəlmiş təbliğat aparır. Məqsəd açıqdır – Avropa dəyərlərinə inamı sarsıtmaq, cəmiyyətləri parçalamaq, diasporlar arasında təfriqə salmaq. Rusiya bu metodlarla yalnız Rumıniyaya deyil, onun diasporuna da hibrid hücumlar təşkil edir. Bu, artıq sadəcə informasiya müharibəsi deyil, milli təhlükəsizlik məsələsidir. Azərbaycan diasporuna qarşı son hücumlar bu təhlükənin nə qədər real olduğunu göstərir”.
O bildirib ki, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Ən vacib sahələrdən biri isə energetikadır. “Rumıniya qaz təminatını şaxələndirmək istəyir, Azərbaycan isə əsas ixracatçılardan biridir. Cənub Qaz Dəhlizi, AGRI layihələri kimi təşəbbüslər bu əməkdaşlığın təməlini təşkil edir. Bundan əlavə, mədəniyyət, təhsil, turizm sahələrində də qarşılıqlı faydalı əməkdaşlıq var”, - deyən Daniel Teku diqqətə çatdırıb ki, ölkələrimizin diasporları səviyyəsində də çox böyük əməkdaşlıq potensialı var: məsələn, siyasi hüquqlar uğrunda mübarizədə əldə olunan təcrübələrin paylaşılması, mədəni tədbirlər, birgə layihələr və s. Bu baxımdan, həmrəylik vacibdir, xüsusilə mühacirlərin hüquqlarının qorunması, diskriminasiyaya qarşı mübarizə və birgə lobbiçilik fəaliyyəti sahələrində.
Daniel Teku qeyd edib ki, biz birlikdə güclüyük: “Azərbaycan və Rumın diasporları arasında əməkdaşlıq təkcə faydalı deyil, zəruridir. Rusiya kimi güclərin təzyiqlərinə qarşı durmaq üçün daha sıx həmrəylik, birgə tədbirlər, mədəni və siyasi layihələr vacibdir. Biz bir-birimizi dəstəkləməli, səslərimizi birləşdirməliyik. Yalnız bu yolla Avropadakı mövqelərimizi möhkəmləndirə bilərik”.