Arayik Arutyunyan: Ona general-leytenant rütbəsini Armen Sarksiyan verib

SİYASƏT
14:14 / 30.06.2025
62

İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Arutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “müdafiə naziri”nə 2020-ci ildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, qondarma rejimin “ordusu”nda (Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsi nəzərdə tutulur – red.) belə bir qərar vermək səlahiyyətinin olmadığını deyib və əlavə edib: “Cəlal Arutyunyana general-leytenant rütbəsi Ermənistan Respublikasının prezidenti Armen Sarksiyan tərəfindən verilib. Baş nazirin təqdimatı ilə prezident bu əmri imzalayıb”.

Təqsirləndirilən şəxs hərbi cinayətlərə baxılması üçün qondarma qurumun hərbi polisi, hərbi prokurorluğu və hərbi məhkəməsinin olmadığını da söyləyib: “Hərbi polis Ermənistan silahlı qüvvələrinin qurumudur. Hərbi prokurorluq da Ermənistan Prokurorluğunun tərkibində fəaliyyət göstərib. Ümumi məhkəmə proseslərinin Sünik məhkəməsində aparıldığını düşünürəm. Yəni, Qarabağda belə bir məhkəmə prosesləri aparılmırdı”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

0