Yekaterinburq hadisəsi Rusiyada azərbaycanlılara qarşı ayrı-seçkiliyin göstəricisidir - RƏY

SİYASƏT
13:54 / 01.07.2025
77

Yekaterinburq hadisəsi Rusiya hakimiyyətində yüksək səviyyələrdə azərbaycanlılara qarşı ayrı-seçkiliyin göstəricisidir.

Bunu "Report"a açıqlamasında İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru, professor Əmir Əliyev deyib.

Onun sözlərinə görə, Rusiyanın müvafiq dövlət orqanlarının Yekaterinburqda məlum hüquqazidd hərəkətləri ilə əlaqədar xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan müvafiq addımlar atmaqda tam haqlıdır:

"Bu məsələdə Azərbaycan Xarici İşlər Nazirliyinin həyata keçirdiyi bütün fəaliyyət tam şəkildə beynəlxalq hüquqa uyğundur. Hər bir dövlət özünün qanunvericiliyi ilə beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun olaraq həmvətənlərinin hüquqlarını müdafiə etməkdə tam haqlıdır, o cümlədən də Azərbaycan Respublikası. Ümumiyyətlə, bu, beynəlxalq cəmiyyətdə tanınmış və qəbul olunmuş bir praktikadır, diplomatik müdafiənin tərkib elementidir".

Ə.Əliyev bildirib ki, Azərbaycanın müvafiq beynəlxalq instansiyalara (beynəlxalq nəzarət və ya beynəlxalq məhkəmə qurumlarına) müraciət edə bilər:

"Bu müraciəti zərərçəkən şəxslər də edə bilər, dövlətin özü də. Bu, beynəlxalq hüquqla tanınmaqla bərabər, həm də geniş praktikaya malikdir. Bir qədər öncə isə AZAL-a məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulması məlum olduqdan sonra Azərbaycanla Rusiya arasında münasibətlərin mərhələli şəkildə, addım-addım pisləşdiyini müşahidə edirik. Bu, heç də təsadüfi deyil. Belə ki, hələ də bu hadisəyə görə rəsmi şəkildə üzrxahlıq edilməyib, dəymiş ziyan ödənilməyib və məsuliyyət tədbirləri həyata keçirilməyib. Beləliklə, hesab edirəm ki, qeyd edilənlər Rusiya hakimiyyətində yüksək səviyyələrdə Azərbaycana və azərbaycanlılara qarşı ayrı-seçkilik, hüquqa zidd və qərəzli dövlət yanaşmasının birbaşa göstəricisidir. Bu halların aradan qaldırılması və müvafiq məsuliyyət tədbirlərinin təxirəsalınmadan həyata keçirilməsi isə Rusiyanın mühüm beynəlxalq öhdəliyidir".

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

0