"Azərbaycanın xarici siyasətində Orta Asiya ölkələri və xüsusilə də Türk dövlətləri ilə əlaqələr prioritet yer tutur".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu baxımdan, Özbəkistanla da əlaqələr mühüm əhəmiyyət kəsb edir:
"İki ölkə arasındakı diplomatik münasibətlər 1995-ci ilə təsadüf edir. Lakin ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan iki xalq arasındakı əlaqələr əslində qədim dövrlərə qədər gedib çıxır. Azərbaycanla Özbəkistan arasındakı xüsusilə də dövlət müstəqilliyini əldə etdikdən sonra mövcud olan tarixi, dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirilib".
Ekspert qeyd edib ki, tərəflər arasındakı əlaqələr uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb:
"İndiyə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən çox sayda sənəd imzalanıb. Bu da həmin sahələrlə bağlı əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Keçən il Prezident İlham Əliyevin Daşkəndə səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında da müqavilə imzalandı. Bu da istənilən ölkələrin münasibətlərində ən yüksək və ən əhəmiyyətli sənəd hesab olunur".
Politoloq vurğulayıb ki, keçən dövr ərzində fəaliyyət həm də onu göstərdi ki, bu müttəfiqlik kağız üzərində qalmadı:
"Hər iki ölkə beynəlxalq arenada da fəal qarşılıqlı fəaliyyətlə bir-birinə dəstək verirlər. Bu dəstək müxtəlif sahələrdə həyata keçirilən konkret layihələrlə də nümayiş etdirilir.
Bu gün Azərbaycan və Özbəkistan arasında demək olar ki, siyasi, iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, enerji və humanitar sahələrdə kifayət qədər yaxşı münasibətlər mövcuddur. Əslində, bu da təbii idi. Çünki Azərbaycan üçün Özbəkistan Orta Asiyada necə etibarlı tərəfdaşdırsa, Azərbaycan da Özbəkistan üçün Cənubi Qafqazda elə etibarlı tərəfdaşdır".
Rəşad Bayramov diqqətə çatdırıb ki, tərəflər üçün Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat-logistika layihələri də bu əməkdaşlığı labüd edir:
"Şübhəsiz ki, Azərbaycan-Özbəkistan arasında olan münasibətlər həm də türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, bu əməkdaşlıq regional sabitliyin qorunması və iqtisadi imkanların birgə dəyərləndirilməsi baxımından da olduqca vacibdir".
Pərviz