"İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi böyük əhəmiyyətə malikdir" - ŞƏRH

SİYASƏT
09:40 / 07.07.2025
60

"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci zirvə görüşünün Xankəndində keçirilməsi həm region, həm də dünya üçün mühüm əhəmiyyətə malik oldu". 

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, 30 il erməni işğalı altında qalmış şəhərdə belə mötəbər beynəlxalq tədbirin keçirilməsi olduqca mühüm bir addım idi:

"İşğal illərdində məhz Xankəndində hazırlanan terror planları nəticəsində regionumuz daim təhdid altındaydı. Bu gün isə artıq Xankəndi və bütövlükdə Qarabağ işğaldan azad olunub. Azərbaycan dövləti öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib". 

377244

Ekspert qeyd edib ki, Xankəndində belə bir tədbirin baş tutması ilk növbədə regiona və dünyaya bir sülh çağırışı idi:

"Əgər dünənə qədər Xankəndi torpağında olan separatçılar tərəfindən regiona və dünyaya terror hədələri gəlirdisə, bu gün isə oradan liderlərin dili ilə sülh çağırışı səsləndirilir. Bu, rəsmi Bakının yürütdüyü uğurlu siyasətin nəticəsidir.  İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq səviyyəli tədbirin Xankəndidə keçirilməsi həm də birlik və bərabərliyə bir işarədir".

Politoloq vurğulayıb ki, Azərbaycan, İran və Türkiyə liderlərinin Xankəndidə çəkilən fotosu da bir mesaj idi:

"Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Məsud Pezeşkian və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə addımladığı foto xeyli diqqət çəkdi. Bu fotonun da böyük əhəmiyyəti olduğunu vurğulamaq lazımdır".

Elçin Abdullayev fikirlərini belə yekunlaşdırıb:

"İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşünün Xankəndində keçirilməsi Azərbaycanın regionda, eləcə də dünyada güclü və qətliyyətli dövlət olduğunu təsdiqləyən bir zirvə kimi tarixdə qalacaq".

Pərviz

0