"Türkdilli dövlətlər arasında turizm əlaqələri genişlənir" - AÇIQLAMA

SİYASƏT
11:32 / 07.07.2025
72

"Bu gün bütün dünyada turizm mübadiləsi xalqları bir-birinə inteqrasiya edir". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, xalqların bir-birinə mədəniyyətlərini tanıtmasında da turizm mübadiləsi mühüm rol oynayır:

"Son illərdə türkdilli xalqların daha yaxından sıx əməkdaşlıq etməsi bütün sektorlar üzrə hiss olunur. Tərəflər arasında önəmli addımlar atılır, inkişaf gedir, ələqələr, ticarət dövriyyəsi və turizm mübadiləsi daha da genişləndirilir. 

Həmçinin, dil və mədəniyyətlərimizin bir-birinə oxşarlığı baxımından türkdilli dövlətlərə səyahət edəndə bizə daha xoş gəlir. Eyni zamanda, digər türkdilli dövlətlərdən də Azərbaycana gələn turistlər üçün dil, din və digər mədəni məsələlərdə tam olaraq üst-üstdə düşməsi onlarda müəyyən mənada rahatlıq yaradır".

377266

Ekspert qeyd edib ki, xüsusən dil oxşarlığı burada mühüm rol oynayır:

"Türkiyə və Azərbaycan dili arasında demək olar ki, 90 faiz uyğunluq var. Buna görə də rahat şəkildə bir-birimizi başa düşürük. Digər Asiya ölkələri ilə aramızda da təxminən 60-70 faiz uyğunluq olduğu üçün onlarla da rahat anlaşa bilirik. Bu isə türkdilli dövlətlər arasında turist mübadiləsinə böyük təkan verir. 

Bundan başqa, Azərbaycanla türkdilli dövlətlər arasında bir çox istiqamətdə müqavilələrin bağlanması, əməkdaşlıq və ticarət ələqələrinin genişləndirilməsi də turizmə mühüm töhfə verir".

Ekspert diqqətə çatdırıb ki, tələbə inteqrasiyası da turizm üçün böyük təkan yaradır:
"Bu gün türkdilli dövlətlərin bir-birində çox sayda tələbələri təhsil alır. Bu gün Azərbaycanda Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və digər türk dövlətlərinin tələbələri oxuyur. Eyni zamanda, bizim də tələbələrimiz həmin ölkələrdə təhsil alırlar. Yəni bunun özü də turizm potensialını daha da artıran amildir".

Rəhman Quliyev vurğulayıb ki, bu gün bütün türk dövlətləri arasındakı turizm əlaqələri sürətlə inkişaf edir:

"Tərəflər arasında turizm əlaqələrinin inkişafı digər sahələrə də təsir göstərir. Çünki bütün sektorlar bir-birilə vəhdət təşkil edir. Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin bu səviyyəyə çatmasında Prezident İlham Əliyevin böyük əməyi var. Dövlətimizin başçısının apardığı uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün türkdilli dövlətlər ortaq mövqedən çıxış edir. Əlbəttə ki, bu da bütün dünyada gücümüzü göstərir və qarşımızda yeni imkanlar yaradır". 

Pərviz

0