"İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısının Qarabağın baş kəndi olan Xankəndində keçirilməsi şanlı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan hadisədir. Regional sammit olmaqdan başqa, 17-ci Zirvə görüşü sülh, yenidənqurma ilə yanaşı regional əməkdaşlığın simvoludur. Daim sülhə can atan Azərbaycan Qarabağda keçirilən bu möhtəşəm tədbirə ev sahibliyi etməklə yanaşı dünyaya bu ərazilərin kimə məxsusluğunu da birdəfəlik möhürlədi. İƏT ölkələri ortaq gələcək üçün Xankəndidə birləşdilər, ortaq dəyərlərə, suverenliyə və sabitliyə fokuslanaraq regionda etimad və dialoqun qurulmasına sadiq olduqlarını nümayiş etdirdilər. Bu, həm də iqtisadi rifahı açmaq üçün regional sülhün vacib olduğuna işarə edir".
Bunu Hit.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, sammit iqtisadi baxımdan ticarət, tranzit, enerji və investisiyalar üçün yeni imkanlar açır:
"Nəqliyyat dəhlizləri, rəqəmsal əməkdaşlıq, eyni zamanda enerji layihələri vasitəsilə region Şərq və Qərb, Şimal və Cənub arasında körpü olmağı hədəfləyir. Azərbaycanın rəhbərliyi altında dirçələn, inkişaf edən Qarabağ regional ticarət və yaşıl enerjinin yeni mərkəzi kimi meydana çıxa bilər. Xankəndi Sammiti sadəcə diplomatik tədbir deyil, bu, dünyaya İƏT regionunun gələcəyə baxan, birləşmiş və əməkdaşlıq, sülh və firavanlıq yolu ilə öz gələcəyini formalaşdırmaq əzmində olduğu mesajıdır. 1992-ci ildən İƏT-in üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Bir vaxtlar separatizmin yuvası olan şəhər bu gün regional əməkdaşlığın simvoluna çevrilir".
Sevinc