"Dünya Qərbi azərbaycanlıların problemindən xəbərdardır" - AÇIQLAMA

SİYASƏT
11:19 / 09.07.2025
75

"Qərbi Azərbaycana qayıdış qərbi azərbaycanlıların hüququdur". 

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu, həm də bütün Azərbaycan xalqının suverenlik haqqıdır:

"Çünki Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız bütün Azərbaycan xalqının tərkib hissəsidir. Çox yaxşı bir haldır ki, Qarabağın işğaldan azad edilməsindən sonra əsas problemlərimizdən biri olan qərbi azərbaycanlıların hüquqları məsələsi yenidən aktuallaşdı. 

Yəni torpaqlarımız işğaldan azad ediləndən və ərazi bütövlüyümüz təmin olunandan sonra Qərbi azərbaycanlıların zorla çıxarıldıqları indiki Ermənistan ərazisində qaytarılmaları məsələsi haqlı olaraq gündəmə gətirildi". 

377403

Ekspert qeyd edib ki, artıq bununla bağlı böyük işlər görülüb:

"Aparılan müzakirələr nəticəsində dünya artıq belə bir problemin mövcudluğundan xəbərdadır. Hətta bəzi beynəlxalq tribunalarda Ermənistanın Qərbi azərbaycanlıların öz yurdlarına şərəflə qayıtmaq hüququnu etiraf etməli olduğu ilə bağlı fikirlər də səslənir. Ermənistanın rəhbərliyinin Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina etməsini pisləyən beynəlxalq sənədlər də var.

Ümumiyyətlə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı məsələ BMT kürsülərinə də dəfələrlə daşınıb. Xalqımızın bu kəsiminin hüquqları ilə bağlı bir neçə dəfə sənədlər BMT-nin müstəvisində dünyaya yayılıb". 

O, diqqətə çatdırıb ki, Qərbi azərbaycanlıların vətənə qayıdış mövzusuna artıq beynəlxalq sənədlər var:

"Onların yurdlarına qayıdış mövzusu artıq dünyanın diqqətinə çatdırılıb. Qalanları müəyyən hüquqi müstəvilərdə elan olunacaq zamanın məsələsidir. Əgər Qərbi azərbaycanlıların qayıdış məsələsi artıq beynəlxalq diplomatik ritorikaya daxil olubsa, bu bizim birinci böyük nailiyyətimizdir. Növbəti mərhərdə isə onun beynəlxalq hüquqi müstəvilərdə elan olunmasına nail olmaq qarşıda duran ciddi vəzifələrimizdən biridir". 

Aydın Quliyev fikirlərini belə yekunlaşdırıb:

"Artıq beynəlxalq siyasi diplomatik ritorikada Qərbi azərbaycanlılar mövzusu qəbul olunursa, onun hüquqi müstəvilərdə müzakirə ilə məsələyə çevrilməsi gələcəyin işidir. Bütün hallarda Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ var. Çünki bu, onların tarixi haqqıdır".

Pərviz

0