Rəsmi Bakı: Azərbaycanla Ermənistan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəlib - YENİLƏNİB

SİYASƏT
15:30 / 10.07.2025
68

BƏƏ-nin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.

14.53

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib.

HİT.az xəbər verir ki, sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
 

0