Prezident İlham Əliyevlə Paşinyan arasında nələr müzakirə olunub? - ŞƏRH

SİYASƏT
16:30 / 10.07.2025
126

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş bitib. 

Millət vəkili Elman Nəsirov Hit.az-a deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş beynəlxalq aləmdə böyük diqqətə səbəb olub: 

“Təsadüfi deyil ki, Birləşmiş Ştatların dövlət katibi  Marko Rubio bir neçə gün öncə vurğuladı ki, Azərbaycanla Ermənistan sülh müqaviləsinin imzalanması ehtimalı xeyli artıb. Bu ifadə təsadüfən səslənməmişdi. Bəli, artıq məlum görüş baş tutub və yekunlaşıb. Görüşün nəticələri ilə bağlı müsbət fikirlər səslənir. Önəmlisi odur ki, məlum görüş vasitəçi olmadan keçirilib. Bu görüş dünyanın siyasiləşmiş paytaxtlarında keçirilməyib, o paytaxtda keçirilib ki, Əbu- Dabi Cənubi Qafqaz regionunda da sülh prosesinin məntiqi sonluqla başa çatmasında maraqlıdır. Bəlidir ki, iki ölkə liderləri arasında razılaşma əldə edilib ki, delimitasiya prosesi bundan sonra sürətləndirilsin. Əldə edilmiş razılaşdırılma odur ki, Zəngəzur dəhlizi açılsın və iki ölkə arasında nəqliyyat kommunikasiya əlaqələri bərpa edilsin. Bu olduqca önəmlidir və hər iki tərəfin strateji maraqlarına xidmət edir. Əsas məsələ sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Sülh müqaviləsi 17 bənddən ibarətdir. Bütün bəndlər üzrə razılaşma var. Tələb qoyulub ki, indiyə qədər sual qoyulan məsələlərin ətrafında olan danışıqlar intensiv şəkildə aparılsın. ATƏT-in Minsk qrupu buraxılsın, Ermənistan konstitusiyasına dəyişiklik edilsin, Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırsın. Bu kimi məsələlər də müzakirə edilib. Əldə edilən razılaşma odur ki, sülh müqaviləsinin imzalanması naminə danışıqlar prosesi sürətləndirilsin. Bu sülh regiona uzun müddətli və dayanıqlı təhlükəsizlik mühiti gətirəcək və hər iki dövlətin strateji maraqlarına xidmət edəcək”.

Sevinc

0