"Azərbaycanla Suriya arasındakı münasibətlər yeni dövrə qədəm qoyub".
Bu sözləri politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və Suriya arasındakı tarixi bağlar çox qədimlərə söykənir:
"Nəzərə almaq lazımdır ki, biz bir çox imperiyaların tərkibində birgə yaşamışıq. Üstəlik, çox böyük tarixi bağlarımız var. İki ölkə arasındakı münasibətlərin perspektivində baxdığımız zaman təbii ki, inkişaf müşahidə ediləcəyini deyə bilərik".
Ekspert qeyd edib ki, Azərbaycan neftinin və qazının Suriyaya çatdırılması olduqca mühümdür:
"Beləliklə, Suriyanın dirçəldilməsi və yenidənqurma prosesində ölkəmizin də xidmətləri özünü göstərəcək. Hesab edirəm ki, rəsmi Bakının Körfəz ölkələri ilə münasibətləri də Suriyanın yenidən qurulmasında dəstək rolunu oynayacaq".
Rusif Məmmədsoyun sözlərinə görə, Azərbaycan-Suriya münasibətlərindən danışarkən Türkiyə amilini gözardı edə bilmərik:
"Suriyada Bəşər Əsədin devrilməsi və Əhməd Əl Şaraa rəhbərliyində keçici hökumətin hakimiyyətə gəlməsi Türkiyənin pərdəarxasındakı addımlarının nəticəsidir.
Ümumiyyətlə, "Heyət Təhrir əl-Şam"ın (HTŞ) 27 noyabrda başlatdığı üsyana Ankaranın dəstəklədiyi qruplar da birbaşa iştirak edirdi. Ona görə bu gün Suriya ilə Türkiyə arasındakı münasibətlər çox yaxşıdır. Bu isə Azərbaycan-Suriya münasibətlərinə də təsir edir".
Pərviz