Sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlə mübarizə

SİYASƏT
16:21 / 16.07.2025
136

"Bu gün müxtəlif vasitələrlə, xüsusilə də sosial media üzərindən Azərbaycana qarşı dini zəmində ideoloji təhdidlər mövcuddur".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransın açılış mərasimində çıxışı zamanı deyib.

Bu problem necə həll olunmalıdır? 

Ilahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, dini zəmində ideoloji təhdidlər əsasən sosial media üzərindən aparılır. Başqa yolların mümkünsüzlüyü qarşısında sosial şəbəkələrin imkanlarından istifadə edən müxtəlif xarici dairələr bu yolla ölkəmizdəki sağlam dini mühitə, dövlət - din münasibətlərinə xələl gətirməyə cəhdlər edirlər: 

“Bu təsirlər güclənən dövlətimizə qarşı qısqanclıq və məkrli maraqlar çərçivəsində özümü göstərir. Dövlətin siyasəti, diplomatik gücü qarşında davam gətirə bilməyən mənfur qüvvələr dini əldə alət edərək bu yoldan sui-istifadə etməklə müəyyən niyyətləri həyata keçirməyə cəhd edirlər. Dini radikalizm toxumları səpməklə, dini siyasiləşdirməyə çalışmaqla, bəzən də sadəlövh və səmimi dindarların xurafata meylindən istifadə etməklə öz ideoloji maqlarının təmin olunmasına nail olmaq istəyirlər. Lakin ölkədə aparılan dövlət - din siyasəti bunun qarşında sədd çəkə bilir. Fəqət bəzən sızmalar, təsir altına salmalar baş verir. Belə mənfi təzahürlərin ayaq tutmamaması, kök salmaması üçün dinin düzgün təbliği vacibdir. Bu yöndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müstəsna xidmətləri danılmazdır. Din xadimlərimizin milli ruhda yetişməsi üçün Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Dini Komitə bütün mənfi halların qarşısının alınması üçün tədbirlər görür, lazımi addımlar atır. Lakin cəmiyyət özü də ayıq olmalı, bu cür hallara qarşı mübariz olmalıdır”.

Sevinc

0