"Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyi tanınacaq" - AÇIQLAMA

SİYASƏT
09:24 / 18.07.2025
58

"Kipr probleminin həll olunması üçün həm Türkiyə, həm də Şimali Kipr Türk Cümhuriyyətinin özü lazım olan bütün addımları atıb". 

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər iki dövlət beynəlxaq hüquq normalarına uyğunlaşmağa çalışdılar:

"Adanın təhlükəsiz və perspektivli inkişaf mexanizmlərinə mümkün qədər dəstək verdilər. 2004-cü ilin aprel ayında adanın birləşdirilməsi üçün türk icması əsl fədakarlıq nümayiş etdirdi. Onlar, adanın vahid şəkildə Avropa İttifaqına qəbul olunmasına səs verdilər. 

Lakin yunan Kipri və Yunanıstan bu məsələyə hər cür əngəl oldular. Öncədən verilmiş sözlərə də əməl edilmədi. Avropa İttifaqı yalnız yunan Kiprini qəbul etsə də, Şimali Kipr Türk Cümhuriyyəti üzərindəki sanksiyalar götürülmədi".

378187

Ekspert qeyd edib ki, belə şəraitdə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyi, adanın birləşdirilməsi, təhlükəsizliyi və perspektiv inkişafı üçün bütün real mexanizmlərin nəzərdən keçirməyinə baxmayaraq, hər hansısa nəticə əldə olunmadı:

"Bunun özü də onu deməyə əsas verir ki, Şimali Kipr Türk Cümhuriyyəti problemi ilə bağlı yalnız bir yol qalır. Bu da adada problemin ən real yolu iki müstəqil dövlətin tanınmasından ibarətdir.

Adanın hər iki hissəsinin bərabər hüquqları tanınmasa, adada problemin həmişəlik həlli mümkün deyil. Böyük ehtimalla, əvvəlcə Türk Dövlətləri Təşkilatı Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacaq. Buna ciddi ehtiyac var". 

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan da artıq bu yöndə müxtəlif addımlar atıb:

"Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin tarix qarşısında böyük xidmətidir. Bu təşkilata müşahidəçi statusunda qəbul olunması Şimali Kiprin dövlət olaraq tanınması yolunda ilk ən böyük addım kimi dəyərləndirilməlidir". 

Aydın Quliyev fikirlərini belə yekunlaşdırıb:

"Əvvəl-axır Şimali Kiprin müstəqilliyi BMT və Avropa İttifaqı tərəfindən tanınacaq. Bunun alternativi yoxdur. Çünki sülhün və təhlükəsizliyin ən dayanıqlı şəkildə təmin olunmasının yolu Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasından keçir".

Pərviz

0