"Rusiyanın miqrantlarla bağlı sərt qərarlar qəbul etməsinin və adıçəkilən ölkədə miqrantların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsinin iki səbəbi var".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, səbəblərdən biri miqrantların gəldiyi ölkələrə təzyiqdir:
"Başqa sözlə desək, azərbaycanlı miqrantlarla bağlı aparılan kampaniya, onlar əleyhinə mövqelərin mütəmadi olaraq Rusiyanın efir məkanında, sosial şəbəkələrində və s. geniş şəkildə müzakirəsi faktiki olaraq Azərbaycana təzyiq xarakteri daşıyır.
Çünki Rusiyada kifayət qədər azərbaycanlı miqrant var. Faktiki olaraq, vətəndaşlarımız orada işləyərək Azərbaycana maliyyə göndərirlər".
Ekspert qeyd edib ki, eyni zamanda, həmin şəxslər Rusiya büdcəsinə də vergi ödəyərək töhfə verirlər:
"Bu, qarşılıqlı fayda münasibətidir. Həm Rusiya, həm də miqrantın vətəndaşı olduğu ölkə qazanır. Amma bütün bunlara baxmayaraq, bu yanaşma təkcə Azərbaycandan olan miqrantlara deyil, özbəklərə, qazaxlara və digərlərinə də aiddir. Bu cür sərt metodların tətbiqi həmin ölkələrə təzyiq vasitəsi kimi istifadə olunur".
Mütəxəssisin sözlərinə görə, ikinci səbəb isə Rusiyanın mövcud iqtisadi durumu ilə əlaqəlidir:
"Ukrayna ilə müharibəyə görə tətbiq olunan sanksiyalar və beynəlxalq ticarət əlaqələrinin pozulması nəticəsində Rusiya bir sıra istehsal sahələrini itirib, regionlarda zavod və fabriklər bağlanıb. Nəticədə, ölkədə böyük işsizlik vəziyyəti yaranıb.
İndiyə qədər əsasən tikinti, xidmət və taksi sahələrində miqrantlar çalışırdı. Rusiya indi bu sahələrdən miqrantları uzaqlaşdıraraq həmin iş yerlərinə də öz vətəndaşlarını yerləşdirməyə çalışır".
Rəşad Bayramov sözlərini belə yekunlaşdırıb:
"İndiki vəziyyətdə bu 2 səbəbə görə qanunlar sərtləşdirilir və miqrantların bəzi sahələrdə işləməsi qadağan edilir. Bu yolla işsizliklə mübarizə aparılır. Həmçinin, həm siyasi, həm də iqtisadi səbəblərlə miqrantlara qarşı tədbirlər sərtləşdirilir".
Pərviz