"Sabah Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə görüşəcəklər".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O, bu görüşdən gözləntilər barədə danışıb:
"Əvvəlcə bugünə qədər əldə edilmiş nəticələrə diqqət yetirməliyik. Vətən müharibəsindəki tarixi zəfərimiz prosesləri bu nöqtəyə gətirib çıxarıb. ABŞ-nin hazırkı administrasiyası da Bakı ilə İrəvan arasında aparılan danışıqlar prosesində öz iştirakını təmin etmək istəyir. Ümumiyyətlə, bu gün dünyada əsas güc və söz sahibi olan ABŞ-nin təşəbbüs ortaya qoyması bu prosesə yalnız və yalnız müsbət təsir göstərə bilər".
Ekspert qeyd edib ki, artıq münaqişənin həllini tapdığını Ermənistan tərəfi özü də dəfələrlə dilə gətirib:
"Son zamanlarda Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərdə razılıq əldə olunub. Tərəflər arasında sərhədlərin delimitasiyası prosesinə başlanılması çox mühüm idi. İndiki mərhələdə isə Cənubi Qafqazfa sülhün əldə olunmasının bir addımlığında rəsmi Vaşinqton prosesə qoşulmaq istəyir.
Əslində, Prezident Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı müharibəyə qarşı heç bir fikir səsləndirməməsi, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün atdığı addımlara qarşı çıxmaması və ikinci prezidentlik dövründə bu təşəbbüsü ortaya qoyması məntiqi ardıcıllığa malik olan prosesdir. Hesab edirəm ki, burada ABŞ-nin mövqeyi bəllidir".
Müsahibimiz diqqətə çatdırıb ki, son zamanlarda Rusiyanın prosesdən kənarda qalması ilə bağlı fikirlər səsləndirilir:
"Lakin nəzərə alaq ki, 10 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşdən əvvəl də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər etdi və Rusiya Prezidenti Vladimir Putin ilə görüş keçirdi. İndi bu görüşdən əvvəl də Uitkoffun Moskvaya səfər etdiyini və Putinlə görüşdüyünü gördük.
Bu, ondan xəbər verir ki, ABŞ Cənubi Qafqazla bağlı mövqeyində israrlıdır. Ağ Ev bu məsələlərdə Rusiyanın da prosesə loyal yanaşmasını təmin etmək üçün paralel şəkildə addımlar atır. İndi bunu Ukrayna məsələsi ilə də bağlayanlar var, amma təbii ki, görüşdə digər məsələlər də müzakirə olunub. Düşünürəm ki, Putin ilə Uitkoff Azərbaycan və Ermənistan arasındakı məsələlər ətrafında da söhbət ediblər".
Xəyal Bəşirov hesab edir ki, Ağ Evdə keçiriləcək üçtərəfli görüşdə ciddi nəticələr əldə oluna bilər:
"Düzdür, orada Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma ehtimalı çox aşağıdır. Lakin tərəflər arasında sülh müqaviləsinin paraflanması, hər hansı niyyət protokolunun imzalanması və ya niyyət məktubunun imzalanması ilə bağlı addım atıla bilər.
Hər bir halda, ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almaq istəyir. Ona görə də son zamanlarda müharibələri bitirən addımlar atır. Görünən odur ki, Tramp bu görüşdə bir nəticə ortaya qoymağa və ən azından hər hansı tarixi bir sənədin imzalanması ilə bu görüşü yaddaqalan etməyə çalışacaq".
Mütəxəssis onu da əlavə edib ki, Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı istəyi də ortadadır:
"O, Cənubi Qafqazdakı sülh prosesində də öz rolunun olmasını və bu şəkildə tarixə düşmək istəyir. Bu baxımdan görüşdən müsbət nəticələr gözləmək olar.
Azərbaycanın mövqeyi bəllidir. Ölkəmizin mövqeyində heç bir dəyişiklik yoxdur. Sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan özünün şərtlərini və mövqeyini açıq şəkildə bəyan edib. Düşünürəm ki, bu görüş baş tutacağı təqdirdə, yenə də Prezident İlham Əliyevin mövqeyi nəzərə alınacaq. Azərbaycanın milli maraqlarından kənara çıxmamaqla sülh sazişinin imzalanması istiqamətində addımlar atmağa hazırdır".
Pərviz