"Hazırda Rusiya faktiki olaraq Azərbaycan-Ermənistan normallaşma prosesindən kənara sıxışdırılıb".
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün Rusiya sülh sazişinin imzalanması üçün tərəflərin arasında gedən prosesdə iştirak etmir:
"Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya olunması prosesində Rusiyanın iştirakçılığı yoxdur. Həmçinin, tərəflər arasında kommunikasiyaların açılması ilə bağlı İşçi Qrupun fəaliyyətindən də Rusiya demək olar ki, 2022-ci ilin sonlarından tam çıxdaş edilib. Beləliklə, Bakı ilə İrəvan normallaşmasında Moskvanın hər üç müstəvidə iştirak imkanları sıfıra endirilib. Faktiki olaraq, Rusiya prosesdən kənarda saxlanılır".
Ekspert qeyd edib ki, Ermənistanın Rusiyayla bir sıra hərbi-təhlükəsizlik layihələrində iştirakdan imtina etməsi, eləcə də, Kremlin Azərbaycana qarşı yersiz təzyiq və həmlələrini gücləndirməsi Moskvanın bu bölgədəki mövqelərinə sarsıdıcı zərbə vurur:
"Məhz belə bir şəraitdə Trampın vasitəçilik missiyasıyla çıxış etməsi, habelə Azərbaycan və Ermənistan rəhbərlərinə görüş üçün platforma təqdim etməsi Rusiyanın bölgədən sıxışdırılması istiqamətində həlledici addımlar ola bilər.
Təbii ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçiriləcək görüş Azərbaycan-Ermənistan normallaşmasında hansısa müsbət irəliləyişlərlə xarakterizə olunacaq. Yəni Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə mütləq irəliləyə doğru bir nəticə olacaq. Lakin bu irəliləyişin hansı xarakterdə olacağını indidən söyləmək çətindir".
Mütəxəssis bu ehtimallar barədə də danışıb:
"Ola bilər ki, sülh sazişindən əvvəl hansısa bir niyyət protokolu imzalansın. Bundan başqa, sülh sazişinin maddələrinin paraflanması ilə bağlı bir sənədin imzalanması da mümkündür. Eyni zamanda, kommunikasiyaların açılması ilə bağlı iki ölkənin arasında Amerikanın vasitəçiliyi ilə razılaşma da əldə edilə bilər.
Xüsusilə kommunikasiyaların açılması məsələsində Rusiyanın səyləri tam iflasa uğrayıb və Moskva prosesdən kənarlaşdırılıb. Belə şəraitdə Amerika kommunikasiyaların açılması yönümündə tərəflərin arasındakı vasitəçiliyini gücləndirmək niyyətində ola bilər".
Aydın Quliyevin hesab edir ki, Ağ Evdə Zəngəzur dəhlizinin açılması ilə bağlı da razılaşmanın əldə olunma ehtimalı var:
"Çünki artıq Amerika rəsmi səviyyələrdə də etiraf olunduğu kimi Zəngəzur dəhlizində müəyyən nəzarət funksiyasının həyata keçirilməsi üçün öz təklifini irəli sürüb.
Beləliklə, qarşıda nələrin olacağı ilə bağlı yalnız hələlik ehtimallar səviyyəsində danışmaq mümkündür. Amma bütün hallarda Vaşinqtonda Trampın vasitəçiliyi ilə İlham Əliyev-Nikol Paşinyan görüşünün müsbət nəticələri olacaq.
Çox maksimalist yanaşma olsa da, hətta sülh sazişinin imzalanması belə ən sonda baş verə biləcək variantlardan biridir. Ancaq bu ehtimal bir qədər aşağıdır".
Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb:
"İlkin mərhələdə Azərbaycan və Ermənistan arasında müzakirələrə ev sahibliyi üçün platforma vermək, sonraki mərhələlərdə isə sülh sazişini imzalamaq məncə Amerika üçün daha real yanaşma olardı.
Bütün hallarda, Vaşinqtonda Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması yönümündə konkret və müsbət irəliləyişlər olacaq".
Pərviz