"Həm Zəngəzur dəhlizinin açılmasıyla bağlı əldə olunan razılaşma, həm ATƏT-in Minsk Qrupunun və 907-ci düzəlişin ləğvi, həm də özündə faktiki olaraq konstitusiya dəyişikliyinin zəruriliyini ehtiva edən və bunu bir öhdəlik olaraq Ermənistan qarşısında qoyan üçtərəfli bəyanatın imzalanması həqiqətən də ölkəmiz üçün çox böyük uğurdur".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi cəhətdən əldə etdiyi qələbəni Vaşinqton səfəri ilə diplomatik və hüquqi baxımdan da rəsmiləşdirmiş oldu:
"1992-ci ildən etibarən fəaliyyəti faktiki olaraq dayandırılan və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin yenidən fəaliyyətə başlaması təkcə ölkəmiz üçün əlavə iqtisadi imkanlar, əlavə dividentlər demək deyil. Bu, həm də böyük türk dünyasının quru bağlantısının təmin olunması və birləşməsi baxımından olduqca mühüm bir addımdır. Yəni qarşıdakı bir əsr türk dünyasının daha da sıx inteqrasiyası üçün böyük imkanlar yaratmış olacaq".
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı razılaşma Azərbaycanın qələbəsidir:
"Rusiya və İranın etirazlarına baxmayaraq, Zəngəzur dəhlizinin "Azərbaycandan Azərbaycana" prinsipi əsasında, yəni Naxçıvana maneəsiz gediş-gəlişi özündə ehtiva edən şəkildə açılmasına dair razılaşmanın əldə olunması diplomatik qələbədir.
Bu, dünənə qədər "Zəngəzur dəhlizi heç bir halda açılmayacaq" və ya "dəhlizə nəzarət ancaq bizim əlimizdə olacaq" deyənlərə verilmiş bir cavabdır. Ümumiyyətlə, Vaşinqton görüşü bütün mənalarda Azərbaycanın öz hədəflərinə çatdığı bir görüş kimi qiymətləndirilməlidir".
Politoloq vurğulayıb ki, Fransanın timsalında Avropa İttifaqının ATƏT-in Minsk Qrupunu diriltmək səyləri də nəticəsiz qaldı:
"ABŞ-nin əvvəlki administrasiyasının bütün siyasi rəhbərliyinin anti-Azərbaycan mövqedə olduğunu, bütün platformalarda Ermənistanı dəstəklədiyini nəzərə alaraq, ABŞ-də belə sənədin imzalanması bir çox mərkəzlərə verilmiş cavab sayıla bilər.
Biz istədiyimizi aldıq və nəticə etibarilə bundan sonrakı mərhələdə artıq atılacaq addımlar Ermənistanın üzərindəki öhdəliklərdir. Bu da sözün əsl mənasında Ermənistan üçün bir ev tapşırığıdır".
Rəşad Bayramov hesab edir ki, indi Ermənistan tez bir zamanda həm ABŞ ilə Zəngəzur dəhlizi istiqamətində fəaliyyətin sürətləndirilməsi, həm də paralel olaraq konstitusiya dəyişikliyinin həyata keçirilməsi üçün ictimai rəyin hazırlanması fəaliyyətinə başlamalıdır:
"Rəsmi İrəvan bu istiqamətdə fəaliyyəti sürətləndirməlidir. Yəqin ki, Ermənistanda seçkilərdən sonra konstitusiya dəyişikliyinə və artıq sülh sazişinin də tam şəkildə imzalanıb ratifikasiya olunmasına da şahidlik edəcəyik.
Nəzərə almaq lazımdır ki, Azərbaycan ABŞ-nin, Avropa İttifaqının, ayrı-ayrı beynəlxalq təşkilatların, Rusiyanın və İranın bütün təzyiqlərinə rəğmən dözdü, geri addım atmadı, qətiyyətini göstərdi. Nəticə etibarilə də həmin o qətiyyət bugünkü uğurlarımızı təmin etmiş oldu".
Pərviz