"Pezeşkianın cəsur çıxışlarına fürsət verilməyəcək" - RƏY

SİYASƏT
11:20 / 15.08.2025
49

"İran siyasi sisteminə və konstitusiyasına görə bütün qüvvələrin komandiri ali dini lider Əli Xameneyidir".

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hətta İranda ona "əmr sahibi" deyirlər:

"Yəni ölkənin idarəsində onun istəmədiyi nə isə baş verə bilməz. Belə vəziyyətdə Prezident Məsud Pezeşkian isə sadəcə icraedici şəxsdir. Ona da bütün göstərişləri Əli Xameneyi verir. Çünki orada ali dini lider bütün hakimiyyət qollarının və silahlı qüvvələrin rəhbəridir".

Ekspert vurğulayıb ki, İranda müstəqil və ya bir-birindən ayrı hərəkət edə biləcək hansısa bir orqan yoxdur:

"Hətta balanslı şəkildə hərəkət etmək imkanlarına da sahib deyillər. Bütün qurumlar Xameneyinin və onun əmri altında olan silahlı qüvvələrin nəzarətindədir. Bunu aydın şəkildə bilmək lazımdır. Ona görə də Pezeşkianı həmişə İran hakimiyyəti tərəfindən istifadə olunan "kart" adlandırıram". 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, İranda Pezeşkian qeyri-fars millətlər, xüsusilə də Güney azərbaycanlılar tərəfindən sevilir:

"Ancaq farslar və islahatçılar ona əvvəldən bəri açıq şəkildə dəstək vermədilər. Hətta seçki zamanı da bu dəstək olmadı. Səsvermənin nəticələri də bunu göstərir. Çünki Pezeşkian azərbaycanlıdır, türkdür. 

Bundan başqa, Məsud Pezeşkian Azərbaycanla bağlı şəxsi fikirlərini səsləndirə bilər. Onun Azərbaycanla bağlı daha cəsur, ağıllı və xoşniyyətli siyasət tərəfdarı olması da mümkündür. Lakin unutmaq olmaz ki, Pezeşkian hər bir halda İran siyasi sisteminin təmsilçisidir". 

379869

Məhsa Mehdili qeyd edib ki, Pezeşkianın bu tərəfini də görmək lazımdır:

"Çünki o, təmsil etdiyi sistemi qorumağa məcburdur. İran Prezidentinin mövqeyi və statusu bunu tələb edir. Pezeşkian da əslində İranın digər rəsmi şəxsləri və məmurları kimi ana siyasətə tabedir. 

Ümumiyyətlə, Məsud Pezeşkian heç bir zaman ölkəsinin daxili və xarici siyasətdə müəyyənedici fiqur ola bilməz. Sistem ona icazə verməz. Pezeşkianın bu şəkildə cəsur çıxışlarına da çox fürsət veriləcəyini zənn etmirəm".

Pərviz

0