Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.
HİT.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı bildirdi ki, azərbaycanəsilli diplomatın Slovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiya tərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin mövcud olduğu vurğulandı, enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı qeyd edildi.
Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, bu xüsusda Slovakiyanın Avropa İttifaqının üzv dövləti kimi bu əlaqələrin inkişafına göstərdiyi dəstək vurğulandı. Həmçinin Slovakiyanın ölkəmizdə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirdiyi qeyd olunaraq, bu ölkənin Azərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyi bildirildi.
Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxundu, bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeni perspektivlər açdığını qeyd etdi.
Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Səfir öz növbəsində Azərbaycanla Slovakiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Slovakiya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin dövlətimizin başçısının Slovakiyaya rəsmi səfərə dəvət olunduğunu bir daha qeyd etdi.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiya Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Dövlətimizin başçısı Slovakiyaya səfərə dəvəti məmnunluqla qəbul etdiyini bildirdi.
Elçin Qasımov avqustun 8-də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin Qarabağda aparılan bərpa və quruculuq işlərində Slovakiya şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıldı.
16.02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.
HİT.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.
Dövlətimizin başçısı səfirin ölkəmizə tarixi dövrdə - ABŞ-ın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə nailiyyətlərin əldə edildiyi bir zamanda gəldiyini bildirərək, bunun regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, həmçinin qarşıdurmaya son qoymaq üçün əhəmiyyətli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bütün bunların bağlantılar və müxtəlif növ qarşılıqlı əlaqələr baxımından Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğuladı.
Prezident İlham Əliyev İsrail şirkətlərinin həmişə olduğu kimi, gələcəkdə də ölkəmizdə fəal işləyəcəklərinə ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyən səfir yenidən Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğuladı. O, 2010-2015-ci illərdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini məmnunluqla xatırladı.
İsrail-Azərbaycan münasibətlərinin həqiqətən də strateji xarakter daşıdığını deyən Ronen Krausz qeyd etdi ki, ölkələrimizin liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.
Səfir ölkəmizdə yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirdi, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğuladı.