"Azərbaycan, Türkmənistan və Özbəkistan dövlətləri arasındakı əməkdaşlıq bölgəmizdə yeni üçtərəfli əməkdaşlıq formatıdır".
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, həm də türk dünyasında yeni üçtərəfli format kimi qəbul oluna bilər:
"Çünki bundan əvvəl Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlıq formatları zirvə səviyyəsində keçirilib. Ondan sonra Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında enerji dəhlizinin yaradılması ilə bağlı əməkdaşlıq sazişi imzalanıb.
Bu gün isə Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı türk dünyasında yeni bir üçtərəfli format kimi artıq özünü göstərməkdədir. Eyni zamanda, bu, Qafqazın və Mərkəzi Asiyanın dövlətləri arasında əməkdaşlığın da gücləndirilməsi üçün böyük gələcək və potensialları olan yeni istiqamətdir".
Ekspert qeyd edib ki, indiyə qədər Azərbaycan müqayisə ilə götürəndə Türkmənistana və Özbəkistana nisbətən beynəlxalq regional inteqrasiyalarda daha fəal və çoxşaxəli iş aparıb:
"Özbəkistan da bu istiqamətdə çox fəaldır. Lakin nəzərə alaq ki, Türkmənistanın regional beynəlxalq inteqrasiya yönümündə daha aktiv fəaliyyəti yeni fazada özünü göstərməyə başlayıb.
İndiyə qədər Türkmənistan daha çox bölgədə müəyyən qədər qapalı siyasət aparmaqda maraqlı idi. Ancaq son vaxtlar xüsusilə Türkmənistanın neft-qazının Rusiyanın ərazisindən Avropaya nəqli yolunda müəyyən çətinliklərin yaranması istər-istəməz ən azından enerji əməkdaşlığı sahəsində Türkmənistanı yeni axtarışlara sövq edir".
Politoloqun sözlərinə görə, belə şəraitdə Azərbaycan Türkmənistan üçün olduqca əhəmiyyətli körpü rolunu oynamağa başlayır:
"Türkmənistan, Özbəkistan və Azərbaycan bir-birləri üçün ayrılıqda tranzit məntəqələri və körpülərdir. Belə ki, Özbəkistanla Azərbaycan əməkdaşlığında Türkmənistan bir körpü rolu oynaya bilər. Eləcə də Özbəkistanın Azərbaycanla əlaqələrində yenə də Türkmənistanın bir körpü rolunu oynaması mümkündür.
Bu ölkələrin özləri Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində çox perspektivli və böyük potensiallı Orta Dəhlizin üzərində tranzit məntəqələrdir. Çinlə, Cənub-Şərqi Asiyadan başlayan hərəkət Mərkəzi Asiyanın iki dövləti və Azərbaycan üzərinə keçməklə Avropaya bağlanır. Bu da olduqca əhəmiyyətli və səmərəli bir dəhlizdir".
Aydın Quliyev vurğulayıb ki, Azərbaycanın, Türkmənistanın və Özbəkistanın imkanlarının birləşdirilməsi ilk növbədə bu ölkələrin özləri üçün faydalı bir əməkdaşlıqdır:
"Bununla yanaşı, sözügedən əməkdaşlıq Orta Dəhlizin imkanlarının daha da gücləndirilməsi yönümündə ortaya böyük nəticələr qoya bilər. Hər üç ölkə daha çox enerji daşıyıcılarına malikdirlər.
Lakin enerji daşıyıcılarının ixracının şaxələndirilməsi məsələsində bu ölkələrin bir-birinə çox böyük ehtiyacı var. Hətta Azərbaycan, Türkmənistanın və Özbəkistanın üzərindən özünün neftini, qazını gələcəkdə Asiya ölkələrinə ixrac etmək kimi variantlar üzərində düşünə bilər".
Müsahibimiz onu da əlavə edib ki, gündəmdə Türkmənistanın qazının Azərbaycanın üzərindən Avropa ölkələrinə çıxarılması kimi böyük bir variant var:
"Buna görə də adıçəkilən ölkələrin əməkdaşlığının seçilməsi zamanın tələbidir. Hər üç ölkənin rəhbərliyi əməkdaşlığı müxtəlif istiqamətlərdə daha da dərinləşdirmək və gücləndirmək iradəsini ortaya qoyublar. Hesab edirəm ki, Azərbaycan, Özbəkistan və Türkmənistan üçtərəfli formatı gələcəkdə Mərkəzi Asiyanın və Cənubi Qafqazın imkanlarının birləşdirilməsində böyük qapı rolunda çıxış edəcək".
Pərviz