İlham Əliyev Çində görüşlər keçirir - YENİLƏNİB

SİYASƏT
11:39 / 01.09.2025
51

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.

HİT.az xəbər verir ki, Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.

Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə Bakıda keçirdiyi görüşə toxundu, aparılmış müzakirələr zamanı qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu qeyd edildi. Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunuldu, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahəsində əməkdaşlıq məsələləri, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olundu.

Məhəmməd Muizzu dövlətimizin başçısını Maldivə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

 
***
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
 
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşüb.

Görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edildi.

Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edildi.

0