"Azərbaycanla Çin arasında əlaqələrin dərin tarixi var".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hələ tarixi İpək Yolu vasitəsilə xalqlarımız arasında formalaşan mədəni və ticarət əlaqələri sonrakı dövrdə də mütəmadi olaraq müxtəlif sahələrdə inkişaf edib və möhkəmlənib:
"Bu gün iki xalq arasındakı münasibətlər də həmin tarixi formalaşan münasibətlərdən qaynaqlanır. Bu münasibətlərin qarşılıqlı faydalı və etimad prinsiplərinə əsaslanandığını desək, daha düzgün olar. Azərbaycan Çin, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaş olduqlarını keçən dövr ərzində sübut ediblər".
Politoloq qeyd edib ki, Çin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib:
"Azərbaycan da öz növbəsində Tayvanla bağlı məsələlərdə Çinin prinsipial mövqeyini müdafiə edib və "vahid Çin" prinsipinə dəstəyini hər zaman ifadə edib.
Şübhəsiz ki, iki ölkə arasında münasibətlərin inkişafında ən önəmli məqamlardan biri, ötən dəfə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanatın qəbulu oldu. Ondan sonra Azərbaycan-Çin münasibətləri daha da inkişaf etdi".
Ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır:
"Ticarət dövriyyəsi də müsbət dinamika ilə inkişaf edir. Rəsmi statistikaya görə, keçən il Azərbaycanın xarici ticarətinin ümumi həcminin 8 faizə yaxınını, daha dəqiq desək, 7,9 faizi Çinin payına düşür.
Bu ilin ilk yarım ilində iki ölkə arasında ticarət dövriyyəsi isə 2,5 milyard dolları ötüb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqribən 27 faizə yaxın bir artım deməkdir. Bu göstəricilərə görə, Çin ölkəmizin 4-cü böyük ticarət tərəfdaşıdır və əsas idxal mənbəyi qismində çıxış edir".
Rəşad Bayramov onu da əlavə edib ki, Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm də ölkəmizlə Çin arasındakı münasibətlərdə xüsusi yer tutur:
"Azərbaycanın həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələri "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsinə mühüm töhfə verdiyi üçün Orta Dəhliz Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və sərfəli alternativ marşruta çevrilir.
Təbii ki, bütün bunlar Çin tərəfindən də yüksək qiymətləndirilir. Ümumiyyətlə, hal-hazırda Azərbaycan Çinlə bütün istiqamətlərdə sıx əlaqələrə malikdir və bu əlaqələr də hər keçən gün daha çox inkişaf edir".
Pərviz