Politoloq: "ATƏT-in Minsk qrupunun buraxılması Bakının zəfəridir"

SİYASƏT
09:48 / 03.09.2025
47

"ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycanın diplomatik-siyasi uğurudur". 

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu, Qarabağ probleminin Azərbaycanın mənafelərinə və beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin beynəlxalq rəsmi qaydada təsdiqidir:

"Azərbaycan uzun illərdən bəri Minsk qrupunun səmərəsiz fəaliyyət göstərdiyini qeyd edirdi. ATƏT rəhbərliyini və dünyanın bu münaqişədə maraqlı olan qüvvələrinə daima təlqin etmək istəyirdi ki, ATƏT-in Minsk qrupu bu münaqişənin həllindən daha çox onun uzadılmasına xidmət edir.

Eyni zamanda, Azərbaycan ATƏT-in Minsk qrupuna 30 ildən artıq bir müddət ərzində özünü bir daha Avropanın ən böyük sülhsevər təşkilatı kimi təsdiqləmək şansı verdi. Amma təəssüf ki, onlar bu şansdan istifadə edə bilmədilər. Nəticədə, Azərbaycanın öz gücünə keçmiş Dağlıq Qarabağ problemi uğurla həll edildi".

381029

Ekspert vurğulayıb ki, ATƏT-in Minsk qrupunun buraxılması qərarı da Azərbaycanın apardığı məqsədyönlü işin real nəticəsidir:

"Əslində, rəsmi Bakı ATƏT-in Minsk qrupunun fəaliyyətini səmərəli etmək üçün illərlə böyük çabalar göstərdi. Amma təəssüf ki, ATƏT rəhbərliyi və Minsk qrupunun həmsədrləri buna lazımi dəyəri vermədi. Onda Azərbaycan məcbur qalaraq Qarabağ problemini hərbi yolla özü həll etdi. Problem həll olunduğu üçün Minsk qrupuna da artıq ehtiyac yox idi. 

Amma uzun müddət həm ATƏT, həm Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupunun buraxılması çağırışı ilə razılaşmadılar. Lakin Azərbaycan buna nail olmaq üçün çox böyük çabalar göstərdi, müxtəlif beynəlxalq tribunalarda məsələ qaldırıldı. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə dünyanın ən aparıcı media orqanlarına müsahibəsində və ciddi diplomatik dairələrlə danışıqlarda Minsk qrupunun saxlanmasına artıq ehtiyacın olmadığını bildirdi". 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Qarabağ probleminin həllindən sonra ATƏT-in Minsk qrupunun hətta ölü vəziyyətdə olsa belə mövcudluğunu saxlaması Ermənistandakı revanşist qüvvələrə daim ilham verir və onları həvəsləndirirdi:

"Ona görə də keçmiş Qarabağ ətrafında bölgədə yenidən bir müharibənin baş verməməsi və revanşist qüvvələrin həvəslənməməsi üçün mütləq ATƏT-in Minsk qrupu buraxılmalı idi.

Əgər bu qrup keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdısa, Qarabağ münaqişəsi artıq həll olunubsa, məntiq birbaşa hökm edir ki, Minsk qrupunun saxlanması xeyirdən çox ziyan vuracaq. Ona görə də Azərbaycan dünyanı da, Ermənistanı da, vasitəçiləri də nəhayət inandıra bildi ki, Minsk qrupunun buraxılması vacibdir. Bu, həm də ATƏT-in özünün bir təşkilat olaraq nüfuzunu qoruması üçün zəruri addımdır". 

Politoloqun fikrincə, Ermənistanda da çox ciddi bir beynəlxalq qüvvənin təminatı altında ATƏT-in Minsk qrupunun buraxılmasına imza atmağı özü üçün çıxış yolu kimi gördü:

"Nəhayət, Azərbaycanın tələbi ilə 8 avqustda Vaşinqtonda qəbul olunmuş qərar nəticəsində Minsk qrupunun buraxılması üçün addım atıldı.

Beləliklə, ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycanın bir neçə mərhələdə apardığı çox ciddi və çətin diplomatik-siyasi fəaliyyətin məntiqi nəticəsi idi. Bu, həm də keçmiş Dağlıq Qarabağ probleminin hərbi-siyasi yolla həllinin konkret təsdiqi, habelə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin çox mötəbər bir beynəlxalq tribuna tərəfindən təsdiqidir. 

Minsk qrupunun buraxılması Azərbaycanın bu bölgədə Vətən müharibəsi və antiterror əməliyyatları ilə yaratdığı yeni reallıqların ATƏT tərəfindən bir daha rəsmən təsdiqidir. Üstəlik, ATƏT-in qərarından sonra Ermənistanda revanşist qüvvələrin hər hansı tərpənişinin, hərəkətinin heç bir əhəmiyyəti və nəticəsi ola bilməz". 

Pərviz

0