"Sülh sazişinin paraflanması tarixi hadisədir" - AÇIQLAMA

SİYASƏT
11:33 / 10.09.2025
55

"Hər hansı sülh sazişinin paraflanması onun imzalanmasına bir addım qalmış məsafə deməkdir. Bunu diplomatik dildə ifadə etdikdə, sülh sazişinin imzalanmasının ərəfəsi saymaq olar".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir:

"Artıq şərtlərdən biri icra olunub. Bu, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı məsələdir. İkincisi isə Ermənistan konstitusiyanın dəyişdirilməsidir. Təbii ki, konstitusiyanın dəyişdirilməsinə qədər paraflanmadan sonrakı növbəti mərhələdən söhbət gedə bilməz. Mütləq şəkildə onun imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi qaçılmaz və icrası vacib olan bir şərtdir". 

381531

Ekspert qeyd edib ki, sülh sazişinin paraflanması Azərbaycanın böyük diplomatik uğurudur:

"Çünki bu sülh sazişinin imzalanması üçün Azərbaycan çox böyük səylər göstərdi. Ermənistan orada bir sıra maddələrin salınmasına çalışırdı. Bu isə Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi qələbənin ruhuna, yaxud da onun diplomatik müstəvidə davamına uyğun deyildi.

Məsələn, Ermənistan ora Qarabağla bağlı ziyanlı maddələr salmaq istəyirdi. Hətta Qarabağın statusunun beynəlxalq bir formatda müzakirə olunmasının sazişdə əks olunmasına çalışırdı. Həmçinin, sərhədlərdə üçüncü tərəflərin qüvvələrinin olması ilə bağlı də cəhd etdi. Lakin bütün bunların salınmasına Azərbaycan tərəfindən ciddi müqavimət göstərildi və qarşısı alındı". 

Aydın Quliyev vurğulayıb ki, sülh sazişin paraflanmasına qədər olduqca ağır və çətin bir yol keçildi:

"Bu da Azərbaycanın səyləri ilə baş verən bir vəziyyətdir. Əlbəttə, bu uzun yoldan və çətin illərdən sonra paraflanma mərhələsinə qədər gəlib çıxmaq diplomatik qələbədir. Paraflanma göstərdi ki, Azərbaycan müharibədən sonrakı sülh yaratma prosesində düzgün yolda və təşəbbüskar mövqedədir. Dünya da müharibədən sonra reallıqları qəbul etdi. 

Sülh sazişinin mətninin paraflanması artıq keçmiş Qarabağ probleminin həllinin dünya və super dövlətlər tərəfindən təsdiqlənməsi deməkdir. Bir daha qeyd edirəm ki, sülh sazişinin paraflanması çox mühüm tarixi hadisədir. Əlbəttə ki, paraflanmadan sonra sülh sazişinin rəsmi imzalanması mərhələsinə də şahidlik edəcəyik".

Pərviz

0