"Keçmiş Dağlıq Qarabağ probleminin həlli prosesində olan simvolikaların hamısı bizim üçün əziz və dəyərlidir".
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Vətən Müharibəsi və antiterror əməliyyatından sonra azad edilmiş şəhərlərimizin şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhər günləri qeyd olunur:
"2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatından sonra azad edilmiş Xankəndinin, Xocalının, Xocavəndin və Ağdərənin adlarına ayrıca şəhər günlərinin müəyyənləşdirilməsi sadəcə günü bayramlaşdırmaq təşəbbüsü deyil. Bu, eyni zamanda, cəmiyyətin vətənpərvərlik və tarixə hörmət hissi əsasında tərbiyə olunmasının vacib nümunələrindən biridir".
Ekspert qeyd edib ki, Ordumuzun cəmi 23 saata uğurlu antiterror əməliyyatı keçirməsi unudulmayacaq:
"İndi Azərbaycanda hər bir məktəbli gənc bilir və bilməlidir ki, Xocalının, Xankəndinin, Xocavəndin, Ağdərənin işğaldan azad olunması nə deməkdir. Bu şəhərlərin azad olunması ilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu bilən hər bir azərbaycanlı bununla qürur duymalıdır.
Antiterror əməliyyatından sonra bu şəhərlərimiz işğaldan azad edildi. Bu hadisənin ardınca isə keçmişdə separatçıların əsarəti altında olan Xankəndi kimi gözəl şəhərimizdə Qələbə Paradı keçirildi".
Aydın Quliyev vurğulayıb ki, bütün bunların Vətən Müharibəsindəki qələbəmizin davamı idi:
"2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı 44 günlük Vətən Müharibəsinin şanlı Zəfərimizin davamı kimi qiymətləndirilməlidir. Sonrakı böyük siyasi, diplomatik və beynəlxalq hüquq müstəvisində qələbələrimizin əsasına çevrildi.
Bir sözlə, xüsusilə də keçmiş separatçı qondarma qurumun özünə paytaxt hesab etdiyi Xankəndinin işğaldan azad olunması günü Azərbaycan tarixi üçün müqəddəs bir rəmzdir. Bu şəhərin azad edildiyi gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam mənada bərpa olunduğu gün kimi də tariximizə düşəcək".
Pərviz