"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Vaşinqtonda imzalanması müəyyən şərtlər daxilində mümkündür".
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Vaşinqtonda sülh sazişinin imzalanmasını birinci növbədə həm Azərbaycan, həm də Ermənistan istəməlidir:
"Bunun üçün çalışmalıdırlar və alternativ axtarmamalıdırlar. Digər tərəfdən, sülh sazişinin Vaşinqtonda imzalanması Amerikaya dünyada yeni ad və nüfuz qazandıran bir amil olacaq. Bu cəhətdən, ABŞ sülh sazişinin Vaşinqtonda imzalanmasına kənardan ediləcək həmlələri və maneləri vaxtında uğurla dəf etməyi bacarmalıdır".
Ekspert qeyd edib ki, birinci növbədə sülh sazişinin Ağ Evdə imzalanmasına Rusiyanın maneçiliyi aradan qaldırmaq üçün Amerikanın dəstəyinə və müqavimətinə ciddi ehtiyac var:
"Sülh sazişinin Vaşinqtonda imzalanmasını həm Azərbaycan, həm Ermənistan, həm də ABŞ sona qədər iddialı şəkildə istəməlidirlər. Eyni zamanda, Rusiyanın və digərlərinin buna maneçilik cəhdlərinin də qarşısı alınmalıdır.
Amma Bakı ilə İrəvan arasında sülh sazişi ən yaxşı halda gələn ilin iyun ayından sonra imzalana bilər. Çünki Paşinyan kiçik bir hiylə işlədərək sülh sazişinin imzalanması üçün konstitusiya dəyişikliyinin ölkədə parlament seçkilərindən sonraya saxlanmasını artıq qətiləşdirib.
Onun "Real Ermənistan" və "Dördüncü Respublika" konsepsiyasına uyğun olaraq məhz parlament seçkilərindən sonra konstitusiyanın dəyişdirilməsi mümkün olacaq. Konstitusiyanın da parlament seçkilərindən sonra dəyişdirilməsi Paşinyanın nəzərində onun hakimiyyətdə qalmağının çox ciddi üsullarından biri kimi görünür".
Politoloqun sözlərinə görə, konstitusiya dəyişikliyi və parlament seçkilərinin keçirilməsinə qədər Paşinyan hakimiyyətdə qala və parlament seçkilərini öz xeyrinə uğurla keçirə bilsə, onda həqiqətən sülh sazişinin gələn ilin iyun ayından sonra imzalanma ehtimalı artacaq:
"Bundan sonra həmin sazişin Vaşinqtonda imzalanması isə xeyli dərəcədə mümkün variantlardan birinə çevriləcək. Ancaq sülh sazişinin Vaşinqtonda imzalanması üçün birinci növbədə Paşinyan parlament seçkilərini gələn ilin iyun ayında uğurla yekunlaşdırmalı və konstitusiyanı dəyişdirməlidir.
İkincisi, ABŞ sazişin bu ölkədə imzalanmasına mane olan faktorların hamısını neytrallaşdırmağı bacarmalıdır. Düşünürəm ki, bu şərtlər daxilində saziş ABŞ-də imzalana bilər. Əlbəttə, onun Vaşinqtonda imzalanması sazişin daha uzunömürlü və sabit olmasında güclü faktorlardan biri olacaq".
Pərviz