Prezident Kopenhagendə Avropa liderləri ilə görüşlər keçirir - YENİLƏNİB

SİYASƏT
15:19 / 02.10.2025
70

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

HİT.az xəbər verir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini dedi.

Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə etdi. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirdi.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı.

Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.

Görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvarlıqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu dedilər.

Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunuldu, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirildi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi və sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd etdi və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğuladı.

Prezident İlham Əliyev hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətin Azərbaycan qazını aldığını bildirdi və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olduğu vurğulandı.

***

Oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.

Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi qeyd olundu və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu.

Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

0