Azərbaycan-İtaliya münasibətləri: "Böyük tarixi keçmişi var"

SİYASƏT
10:10 / 06.10.2025
78

"Azərbaycan-İtaliya münasibətləri kifayət qədər böyük tarixi keçmişə malikdir".

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, tarixə nəzər salanda Azərbaycan ərazisində müxtəlif dövrlərdə formalaşan Ağqoyunlu, Səfəvilər və digər dövlətlərlə İtaliya şəhər-dövlətləri arasında təmasların, əlaqələrin mövcud olduğunu görərik:

"Əslində diplomatik və siyasi baxımdan iki ölkə arasındakı münasibətlər qədim tarixə dayanır. Sevindirici haldır ki, bu gün də Azərbaycan və İtaliya arasında münasibətlər davamlı şəkildə inkişaf edir. Bu inkişaf bir neçə sahəni əhatə edir. Tərəflər arasında siyasi, iqtisadi, diplomatik və hərbi sahələrdə əməkdaşlıq genişlənməkdədir.

Xüsusilə enerji sahəsində əməkdaşlıq önə çıxır. Azərbaycan TANAP və TAP layihələri çərçivəsində Albaniya vasitəsilə İtaliyaya qaz nəql edir. Bu qaz sonradan Avropanın vahid qaz sisteminə daxil olaraq qitənin ölkələrinə də ötürülür. İllər keçdikcə bu nəqlin həcmi artır, bu da Azərbaycanın strateji enerji tərəfdaşı kimi mövqeyini gücləndirir". 

383397

Ekspert qeyd edib ki, Azərbaycan-İtaliya münasibətlərinin gələcəkdə daha da dərinləşəcəyi gözlənilir:

"İtalyan şirkətləri və iş adamları üçün Azərbaycan həm sərmayə yatırımı, həm də hüquqi prosedurlar baxımından əlverişli ölkədir. Azərbaycan dövləti yeni investisiyalar üçün açıq siyasət yürüdür.

Bundan başqa, tərəflər arasında mədəni sahədə də əməkdaşlıq davam edir. Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə İtaliyada bir çox tarixi abidə, kilsə və katedral bərpa edilib. Bu, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır". 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, 2025-ci ilin ən önəmli hadisələrindən biri isə İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlamasıdır:

"Son illərdə Azərbaycandan İtaliyaya təhsil üçün gedən tələbələrin sayında da ciddi artım müşahidə olunur. Bu universitet vasitəsilə artıq Azərbaycanda İtaliya təhsil sistemi üzrə təhsil almaq mümkün olacaq. Bu da təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir mərhələnin başlanğıcıdır və mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.

Düşünürəm ki, gələcəkdə iki ölkə arasında viza rejimi də ləğv oluna bilər. Yəni daxili qanunvericilik çərçivəsində təhsil və turizm sahələrində viza rejiminin ləğv edilməsi məsələsinin gündəmə gəlməsi mümkündür. 

Ümumiyyətlə, İtaliya üçün viza rejiminin ləğvi məsələsində əsas meyar ölkənin təhlükəsizliyidir. Azərbaycan da kifayət qədər təhlükəsiz bir ölkədir. Bu baxımdan düşünürəm ki, İtaliya ilə əməkdaşlıq uğurlu ola bilər".

Turan Rzayev onu da əlavə edib ki, Azərbaycanla İtaliya arasındakı siyasi münasibətlər də sürətlə inkişaf edir:

"İtaliya Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələrdəndir. Üstəlik, İtaliya Azərbaycanın bir çox beynəlxalq təşkilatlarda əleyhinə olan sənədlərin qarşısını alan, dəstək verən ölkə kimi çıxış edir. 

Bu, müsbət tendensiyadır və gələcəkdə də davam edəcəyini düşünürəm. Yəni bu ölkə Avropada ən etibarlı tərəfdaşlarımızdan biridir. Ona görə də münasibətlərin daha da dərinləşməsi üçün böyük potensial mövcuddur". 

Müsahibimiz fikirlərini belə yekunlaşdırıb:

"İtaliyanın son illərdə Avropa siyasətindəki rolu güclənməkdədir. Artıq İtaliyanın beynəlxalq və qlobal siyasi arenaya qayıtdığını görürük. Bu qayıdış Azərbaycanın da mövqeyini gücləndirə bilər. 

Hazırkı situasiyada italyanlar Azərbaycanı özlərinə çox yaxın görürlər. Eyni coğrafi paraleldə yerləşməyimiz, oxşar iqlim və temperament tiplərimiz, xalqlar arasında mental yaxınlıq, eləcə də bənzər yanaşmalar bu münasibətləri daha da yaxınlaşdırır. Ona görə hesab bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini proqnozlaşdırmaq olar". 

Pərviz

0