Azərbaycan-Avropa İttifaqı: "Münasibətlər dinamik xarakter daşıyır"

SİYASƏT
11:45 / 06.10.2025
94

"Azərbaycan-Avropa İttifaqı münasibətləri hazırda özünün proqressiv və dinamik xarakteri ilə diqqət cəlb edir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, ikitərəfli münasibətlərdə bir neçə il bundan əvvəl durğunluq və reqressiya var idi:

"Lakin bu gün durğunluqdan söhbət gedə bilməz. Münasibətlər ancaq proqressiv və dinamik xarakter daşıyır. Sadəcə olaraq Azərbaycan-Ermənistan sülh prosesi praktik rəsmiləşdirmə və paraflanma mərhələsini keçəndən sonra bu vəziyyət Azərbaycan-Avropa münasibətlərinə də təsir göstərib. 

Çünki Bakı ilə İrəvan arasındakı sülh prosesində durğunluq və qeyri-müəyyənlik olanda Avropa İttifaqı daha çox Ermənistana üstünlük verirdi. Bu isə Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə tənəzzül dövrünün yaşanmasına səbəb olurdu. 

Xüsusilə də Avropa İttifaqının Ermənistanı birtərəfli dəstəklədiyi dövrdə Azərbaycanla münasibətlərin dinamikasından yalnız energetika və ticarət sahəsində danışmaq mümkün idi. Normal siyasi dialoqdan və siyasi sahədə anlaşmadan qətiyyən söhbət gedə bilməzdi". 

383401

Lakin ekspert qeyd edib ki, avqustun 8-də Bakı ilə İrəvan arasında sülh sazişinin Vaşinqtonda paraflanmasından sonra Avropa İttifaqının da Azərbaycana münasibəti dəyişib:

"Artıq Azərbaycana əvvəlki dövrlər üçün xas olan siyasi təzyiqlər yoxdur, əksinə, Ermənistanla normallaşma prosesi dəstəklənir. Eyni zamanda, Avropa İttifaqı xüsusən energetika sahəsində ölkəmizlə əməkdaşlığı daha da genişləndirmək niyyətini açıq şəkildə ifadə edir. 

Biz həmçinin Avropanın müxtəlif siyasi və hüquq müdafiə strukturlarından ölkəmizə qarşı əvvəlki qərəzli və ikili standartlı qərarları da artıq görmürük. Avropa Şurasının Parlament Assambleyasında və digər platformalarda Azərbaycana qarşı bir dövr üçün xarakterik olan ambisiyalı və qisasçı siyasət aparan qrupların da fəallığını müşahidə etmirik".

Aydın Quliyev vurğulayıb ki, indi Avropa İttifaqı Azərbaycanla investisiya, ticarət, iqtisadi münasibətlər sahəsində daha dərin və hərtərəfli dialoq aparmaq fikrindədir:

"Azərbaycanın Orta Dəhliz üzərində öz infrastrukturları hesabına daha önəmli strateji mövqeyə çıxması da Avropa İttifaqının ölkəmizə münasibətlərini xeyli dəyişdirib. İndi sözügedən ittifaqda çox yaxşı anlayırlar ki, Asiyaya doğru iqtisadi, ticarət və investisiya strategiyasının genişləndirilməsində Azərbaycan olduqca önəmli ölkədir. 

Bütün bunlar Avropa İttifaqının Azərbaycana münasibətinin xeyli dəyişməsinə səbəb olur. Onların münasibəti dəyişdikcə qarşılıqlı əlaqələrin daha çox normallaşmağa meyilli olduğunu görürük. Düşünürəm ki, iqtisadi, ticarət və enerji sahəsində əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət edir.

Üstəlik, Avropa İttifaqı Ermənistana birtərəfli üstünlük verilməsinin ziyanlarını artıq görməyə başlayıb. Ölkəmizlə münasibətlərin normallaşmasına doğru addımlar isə Avropadan gəlir. Onlar, indiyədək Azərbaycanla bağlı apardıqları siyasətin bir sıra istiqamətlərdə yanlış olduğunu anlayırlar. Bu da münasibətlərə öz müsbət təsirini göstərir". 

Pərviz

0