Prezident Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul etdi - FOTO

SİYASƏT
13:01 / 08.10.2025
53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

HİT.az xəbər verir ki, Xorvatiya parlamentinin sədri Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, paytaxt Bakının gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

Qordan Yandrokoviç Prezident İlham Əliyevi Azərbaycan dövləti və xalqı naminə gördüyü işlərə və xidmətlərinə görə təbrik etdi. Qonaq, həmçinin Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələr münasibətilə də təbriklərini çatdırdı.

Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Qordan Yandrokoviç parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğuladı. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edən qonaq dostluq qrupları ilə yanaşı, müxtəlif parlament komitələri arasında da əməkdaşlığın vacibliyinə toxundu.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi.

Xorvatiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını daim dəstəkləməsi vurğulandı.

Görüşdə ikitərəfli münasibətlərin dostluq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi bildirildi, enerji, sərmayələr, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu diqqətə çatdırıldı, ölkələrimizin beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu.

0