"Azərbaycanın enerji siyasəti sabitliyin və sülhün möhkəmlənməsinə xidmət edir"

SİYASƏT
17:07 / 08.10.2025
38

"Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıqda və türk dünyasının iqtisadi inteqrasiyasında aparıcı mövqeyə malikdir".

Bu fikirləri HiT.az-a millət vəkili Aydın Hüseynov deyib. 

O bildirib ki, “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunan bu sammitdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın strateji enerji siyasətinin mühüm məqamlarını ortaya qoydu. Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edir və coğrafi əhatəsinə görə boru kəmərləri ilə qaz ixrac edən ölkələr arasında birinci yerdədir:

"Bu fakt təsadüfi deyil. Azərbaycan illərdir həyata keçirdiyi enerji strategiyası ilə həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Cənub Qaz Dəhlizi, TAP və TANAP kimi nəhəng layihələr Azərbaycanın qlobal enerji xəritəsində oynadığı rolu daha da gücləndirib. Bu birincilik ölkəmizə təkcə iqtisadi deyil, həm də siyasi üstünlüklər qazandırır: Azərbaycanın səsi beynəlxalq enerji dialoqlarında daha güclü eşidilir, qərarların qəbulunda çəkisi artır.

Enerji ixracının geniş coğrafiyanı əhatə etməsi Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirir. Hər bir boru kəməri təkcə iqtisadi mənfəət deyil, həm də qarşılıqlı asılılıq üzərində qurulan sabit münasibətlər deməkdir. Bu da ölkəmizin regional proseslərdə söz sahibi kimi çıxış etməsinə imkan yaradır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji siyasəti sadəcə iqtisadi maraqlara deyil, həm də regional sabitliyin, sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. 

Qəbələdə keçirilən sammitdə səslənən bu fikirlər bir daha göstərir ki, Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də türk dünyasının birləşdirici, strateji güc mərkəzidir".

Sevinc

0