Tacikistan-Azərbaycan əlaqələri: "Böyük perspektivləri var"

SİYASƏT
10:04 / 13.10.2025
51

"Tacikistan həm ərazi, həm də əhalisi etibarilə Mərkəzi Asiyanın ən kiçik ölkəsi sayılır". 

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Tacikistanla Azərbaycan arasındakı münasibətlər müxtəlif sahələrdə, xüsusilə ticarət sahəsində hələlik çox yüksək səviyyədə inkişaf etməyib:

"Lakin Tacikistanın müxtəlif Mərkəzi Asiya ölkələrinə aid olan iqtisadi investisiya proqramları çərçivəsində Azərbaycanla müəyyən əməkdaşlıqları var. Hərçənd ki, Müstəqil Dövlətlər Birliyində (MDB), eləcə də Mərkəzi Asiya ölkələri arasında Azərbaycanla ən zəif ticarət əlaqələrinə malik ölkələrdən biridir. Bu nöqteyi-nəzərdən Tacikistanla xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə ciddi ehtiyac var". 

383904

Ekspert qeyd edib ki, Azərbaycan kimi olmasa da, Tacikistanın da əhəmiyyətli geosiyasi mövqeyi var:

"Eyni zamanda İranla, Əfqanıstanla, Çinlə, Özbəkistanla sərhəddə yerləşən bu ölkə təbii ehtiyaclarına görə o qədər zəngin olmasa da, böyük hidroenerji potensialına malikdir. 

Hətta hidroenerji potensialı o qədərdir ki, bu göstəriciyə görə MDB ölkələri arasında ön sıralardadır. Tacikistanın xüsusilə hidroelektrik stansiyalarında və hidroenerji istehsalında güclü təcrübəsi var. Bu sahədə də Azərbaycanla əməkdaşlıq böyük perspektivlərə malikdir.

Tacikistan əsasən sənaye və aqrar ölkədir. Ümumi daxili məhsulun 35 faizinə qədəri iqtisadiyyatın bu sahələrinin payına düşür. İnkişaf etmiş kənd təsərrüfatı sektoru da Azərbaycanla əməkdaşlıq üçün perspektivlər saxlayır". 

Politoloq onu da diqqətə çatdırıb ki, Tacikistan və Azərbaycanın din oxşarlığı da mühüm rol oynayır:

"Hər iki ölkənin əhalisi əsasən müsəlmandır. Bu da tərəflər arasında münasibətlərin inkişafı üçün hələ açılmamış potensialları göstərir. Azərbaycanın inkişaf edən sənaye sahələrinin məhsulları üçün Tacikistan mühüm bazar ola bilər. 

Bir neçə məhsulun bu ölkəyə ixrac edilməsi sahəsində əlaqələrin genişləndirilməsi vacibdir. Tacikistan Azərbaycanın bəzi istehsal sahələri üçün əhəmiyyətli bazardır. Onların aqrar sektorundakı təcrübəsi də ölkəmiz üçün faydalı ola bilər.

İki ölkənin münasibətlərinin inkişaf etdirilməsi üçün perspektivlər var. Bu perspektivlərdən istifadə etmək birinci növbədə yüksək səviyyəli siyasi dialoqa bağlıdır. Yəni iki ölkə arasında siyasi dialoqun olması, anlayışlı münasibətlərdə olmaları tərəflərin iqtisadi-ticarət əlaqələrinin dərinləşməsinə çox imkan açar". 

Pərviz

0