Vəzifəsini tərk edən deputatın yerinə yeni seçki keçiriləcək? - AÇIQLAMA

SİYASƏT
23:53 / 13.10.2025
38

Deputat Ramil Həsən mandatından imtina edəcək. Buna səbəb onu yeni vəzifəyə seçilməsidir. 

Belə ki, deputat iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib.

O, mandatlığının ləğvi üçün Mərkəzi Seçki Kommisiyasına da müraciət ünvanlayıb.

Ramil Həsən Milli Məclisdə 94 saylı Ucar seçki dairəsini təmsil edirdi. Onun mandatı ləğv olunduqdan sonra isə qanunvericiliyə görə həmin dairə üzrə yeni seçkilər keçirilməlidir. 

Bu barədə Modern.az-a açıqlamasında hüquqşünas, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib. 

O qeyd edib ki, deputat könüllü şəkildə mandatlıqdan imtina etdikdən sonra Mərkəzi Seçki Kommisiyası qərar qəbul etməlidir. Onlar qərar qəbul etdikdən sonra Seçki Məcəlləsinin 176-cı maddəsinə uyğun olaraq müvafiq seçki dairəsi üzrə əlavə seçkilər keçirilməlidir:

“Qanunvericilikdə qeyd edilir ki, deputat mandatının boş qaldıqdan sonrakı 1 ay müddətində bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir və 2 ay müddətinə boşqalmış yerə seçkilər keçirilir”.

Ə. Nuriyev bildirib ki, qanunvericilikdə bu seçkilərin keçirilməməsi ilə bağlı hansısa maddə yoxdur:

“Əvvəllər Konstitusiyada qeyd edilirdi ki, Milli Məclisin səlahiyyət müddətinin başa çatmasına 120 gündən az müddət qaldığı halda yeni seçkilər təyin edilə bilməz. Hazırkı qanunvericilikdə isə bu norma qeyd edilmir”.

Lakin praktika göstərir ki, müxtəlif dövrlərdə fəaliyyət göstərən deputat vəfat etdiyi və ya cinayət məsuliyyətinə cəlb olunduğu, habelə başqa vəzifəyə getdiyi üçün boş qalan yerlər olsa da müvafiq dairədə seçkilər keçirilməyib. 

Hüquqşünas bu halı Milli Məclisin səlahiyyət müddətinin başlanması üçün 83 deputatın mandatının təsdiqinin kifayət olduğu ilə əsaslandırır:

“Ola bilər ki, praktikada bunu nəzərə alaraq əlavə seçkilər keçirilməyib. Amma qanunvericiliyə görə, boş qalmış yerlərə ya təkrar, ya da əlavə seçkilər keçirilməlidir. Təkrar seçkilər ümumi seçkilər keçirləndən sonra səslərin etibarsız olması səbəbi ilə keçirilə bilər. Əlavə seçkilər isə müxtəlif səbəblər üzrə deputat mandatından məhrumetmə səbəbindən olur. Konstitusiyaya görə, deputatlığını irəli sürə bilən hər kəs keçirilən əlavə seçkilərdə iştirak edə bilər” – Əliməmməd Nuriyev sonda qeyd edib.  

0