Prezident qəbullar keçirdi - YENİLƏNİB

SİYASƏT
14:03 / 16.10.2025
49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

HİT.az xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunuldu.

Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğuladı.

Azərbaycan-UN-Habitat tərəfdaşlığı çərçivəsində ölkəmizdə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edildi.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunuldu, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirildi.

Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. O, COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğuladı.

Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğuladı, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirdi. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın Kralı Villem-Aleksandrın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Niderlandın Kralı və Baş nazirinə çatdırmağı xahiş etdi.

Marian de Yonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmək niyyətində olduğunu dedi, bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğuladı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırdı. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirdi.

Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində müzakirə olunmuş mövzuların həyata keçirilməsi ilə bağlı məsələlərə toxundu.

Səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş etdi.

Görüşdə Hökumətlərarası Komissiyanın əhəmiyyətinə toxunuldu, yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olundu. Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulandı.

Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.

Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxundu.

Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğuladı.

O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd etdi.

Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

0