Zəngilan Şəhər Günü: "Zəngilanın azad edilməsi çox əhəmiyyətli idi"

SİYASƏT
10:08 / 20.10.2025
106

Bu gün Zəngilan şəhərinin işğaldan azad edildiyi gündür. 

Belə ki, Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi tarixə düşdü. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. 

Politoloq Rizvan Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, Zəngilanın işğaldan azad olunması prinsipial məsələ idi:

384369

"Bu gün həyata keçirilən nəqliyyat-tranzit layihələrin əsas xəttinin üstündə məhz Zəngilan şəhəri dayanır. Ermənistan və İranla həmsərhəd olan Zəngilanın hərbi, taktiki, strateji əhəmiyyəti çox böyükdür. 

Zəngilan işğaldan azad olunandan sonra İranla Azərbaycan sərhədi tam nəzarətə götürüldü. Həmçinin, müharibə dövründə Zəngilandan sonra Qubadlı da işğaldan qurtarıldı və Azərbaycan Ordusu Ermənistandan Qarabağa gələn yolların əksəriyyətinə nəzarət etdi. Nəticədə, əsgərlərimiz çox uğurlu əməliyyatlar həyata keçirdilər".

Ekspert qeyd edib ki, o vaxt Laçın dəhlizi və iki alternativ gizli yolu var idi:

"Onlar da nəzarətə götürüldü. Ermənistandan istənilən gələn silah-sursatı vurmaq imkanı yarandı. Yəni Zəngilanın işğaldan azad olunması çox əhəmiyyətli idi. Bu, prinsipial döyüşlərin və müharibənin taleyini həll edən ən mühüm məsələlərdən biri oldu. Üstəlik, Ermənistandan Qarabağa silah-sursat daşınmasının da qarşısı alındı". 

Rizvan Hüseynov onu da vurğulayıb ki, Zəngilanın iqtisadi əhəmiyyəti də olduqca böyükdür:
"Hazırda İpək Yolu bərpa olunur. Çindən tutmuş Avropaya qədər keçən yolun bir qismi Azərbaycandan keçir. Zəngəzur dəhlizinin reallaşdırılması da bu yolun bir parçası olacaq. Buna görə də Zəngilanın azad edilməsi çox vacib idi. 

Nəzərə almaq lazımdır ki, Zəngilanda Ağbənd istiqamətində körpü tikilib. Yəni Azərbaycanın əsas hissəsindən Araz çayı üzərindən İrana daxil olaraq  Naxçıvana aparan yol tikilib. Araz dəhlizi adlanan bu yol Zəngəzur dəhlizinə paralel fəaliyyət göstərəcək. 

Bunun da Zəngilandan keçməsi şəhərin strateji əhəmiyyətini bir qədər də artırır. Həmçinin, Zəngilanda hava limanı da tikiləcək. Göründüyü kimi, Zəngilan regiondakı bütün layihələrdə strateji rol oynayır".

Pərviz

0