"Bu gün Azərbaycanın iqtisadi inkişafı ölkənin siyasi müstəqilliyinin ən mühüm dayaqlarından birinə çevrilib. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı səsləndirdiyi fikirlər bu reallığı aydın şəkildə ortaya qoydu. Dövlət başçısı qeyd etdi ki, bu gün Azərbaycanın iqtisadiyyatı sağlam təməl üzərində qurulub, ölkə heç kimdən asılı deyil və iqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də möhkəmləndirir. Prezidentin sözlərinə görə Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir – cəmi altı faizdən bir qədər çox".
Bu sözləri Hit.az-a millət vəkili Aydın Hüseynov deyib.
O qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borcun həcmi həmin dövlətlərin ümumi daxili məhsuluna bərabər, bəzən isə ondan da artıqdır:
"Bu isə həmin ölkələrin iqtisadi və maliyyə siyasətində asılılıqlar yaradır. Azərbaycan isə bu baxımdan fərqli mövqedə dayanır. Müstəqil maliyyə siyasəti, düzgün idarəetmə və məqsədyönlü islahatlar sayəsində ölkə iqtisadi baxımdan sabit və dayanıqlı bir sistem qurub. Bu sabitlik Azərbaycanın beynəlxalq aləmdə müstəqil mövqeyini qorumasına, öz milli maraqlarını daha qətiyyətlə müdafiə etməsinə imkan verir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, sağlam iqtisadiyyat yalnız rəqəmlər deyil, həm də siyasi müstəqilliyin təminatıdır. Məhz iqtisadi sabitlik sayəsində Azərbaycan bu gün xarici təzyiqlərdən uzaq, öz milli prioritetlərinə əsaslanan siyasət yürüdür. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, ağıllı kənd və şəhər layihələrinin reallaşdırılması, yeni sənaye və enerji mərkəzlərinin yaradılması bu iqtisadi gücün bariz göstəricisidir.
Bu reallıq bir daha sübut edir ki, Azərbaycanın iqtisadi müstəqilliyi onun siyasi suverenliyinin təməl daşına çevrilib. İqtisadi güc, düşünülmüş siyasət və uzaqgörən liderlik sayəsində ölkəmiz sabit, inamlı və gələcəyə doğru irəliləyən bir inkişaf yolundadır".
Sevinc


