Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində (TBMM) hakim partiyanın parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə Suriyanın yenidən qurulması üçün bu ölkəyə dəstək verməyə davam edəcək:
"Həm Suriyanı, həm Türkiyəni birlikdə böyüdəcəyik. Unutmayın ki, Suriyanın, Fələstinin, Sudanın, Azərbaycanın, İranın, Şimali Kipr Türk Cümhuriyyətin, Ukraynanın, İraqın təhlükəsizlyi bizim də təhlükəsizliyimlə birbaşa əlaqəlidir", -deyə o əlavə edib.
Ərdoğan bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparılır. Onun sözlərinə görə, təyyarənin qəzaya düşmə səbəbinə dair araşdırmalar davam edir:
"Milli Müdafiə Nazirliyi araşdırmalar başa çatdıqdan sonra nəticələri ictimaiyyətə açıqlayacaq".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.//Report.az


