Prezident həmkarlarını təbrik etdi

SİYASƏT
11:33 / 28.11.2025
20

Azərbaycan Prezidenti İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu ünvanlayıb.

HİT.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Timor-Leste Demokratik Respublikasının müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan ilə Timor-Leste arasında münasibətlərin yeni vüsət alması bizi sevindirir. Biz sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafına və əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Dövlət başçısı həmçinin Albaniya Prezidenti Bayram Beqaya da təbrik məktubu ünvanlayıb.

“Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan ilə Albaniya arasında əlaqələrə böyük əhəmiyyət veririk. Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bizi sevindirir.

Görüşlərimizin və səfərlərimizin intensivliyi Azərbaycan-Albaniya dostluğunun səviyyəsindən, qarşılıqlı əlaqələrimizin dinamikasından xəbər verir. Cari ilin mayında “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya səfərimi ən xoş təəssüratlarla xatırlayıram.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”, - məktubda deyilir.

0