İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov və Sərdar Berdiməhəmmədovu təbrik etdi

SİYASƏT
15:36 / 11.12.2025
44

Azərbaycan Prezidenti İlham Əliyev türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib.

HİT.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Sərdar Qurbanquliyeviç,

Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.

1995-ci ilin dekabrın 12-də 185 ölkənin yekdil dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən Türkmənistanın daimi bitərəflik statusunu tanıyan qətnamənin qəbul edilməsi ölkənizin tarixinə qızıl hərflərlə həkk olunan əlamətdar hadisə idi. Bitərəflik siyasətini yürüdən ölkəniz ötən dövr ərzində bütün sahələrdə sürətlə inkişaf edərək əhəmiyyətli uğurlara imza atmışdır.

Türkmənistanın bitərəflik statusu sülhsevərlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənən xalqınızın tarixi irsinə və adət-ənənələrinə əsaslanır. Bu gün Türkmənistanın daimi bitərəflik siyasəti regionda və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol oynayır.

Biz ölkənizin bitərəflik siyasətinə daim hörmətlə yanaşırıq. Məhz bu səbəbdən Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, strateji tərəfdaşlığımızı dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova da təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Əziz Qardaşım,

Əlamətdar tarix – Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Otuz il əvvəl dünya birliyi tərəfindən Türkmənistanın daimi bitərəflik statusunun tanınması ölkənizin dinamik və dayanıqlı inkişafına təkan verən və beynəlxalq aləmdə nüfuzunu gücləndirən mühüm hadisə və böyük tarixi nailiyyət idi.

Türkmənistanın daimi bitərəflik siyasətinin mahiyyəti xalqınızın çoxəsrlik humanizm, sülhsevərlik və mənəvi-əxlaqi fəlsəfəsindən qaynaqlanır. Bu gün Türkmənistanın geniş beynəlxalq əməkdaşlığa yönəlmiş konstruktiv təşəbbüsləri qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, humanist dəyərlərin təşviqi kimi nəcib məqsədlərə xidmət edir. Eyni zamanda ölkəniz sülhsevər doktrinasını qlobal səhnədə fəal şəkildə təbliğ edərək qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə beynəlxalq dialoqun güclənməsinə töhfə verir.

Azərbaycan qardaş və mehriban qonşu olan Türkmənistanın bitərəflik siyasətinə daim hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycan həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.

Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin, qardaşlığımızın möhkəmlənməsi istiqamətində şəxsən Sizin davamlı və qətiyyətli səylərinizi xüsusi qeyd etmək istərdim. Fürsətdən istifadə edərək Sizin bu il ərzində Azərbaycana iki səfərinizi, mənim də avqust ayında füsunkar Avazaya səfərimi, Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi və söhbətlərimizi ən xoş təəssüratlarla xatırladığımı bildirirəm.

Əminəm ki, Azərbaycan-Türkmənistan qardaşlıq bağlarını daha da möhkəmləndirmək və çoxşaxəli əməkdaşlığımızı yeni mərhələyə yüksəltmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, bu bayram günündə bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm".

0