Azərbaycanın Avropa tərəfdaşları ilə münasibətlərinin ilk sütunu Bakının qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi töhfədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib.
"Hər şey xam neftin tədarükü ilə başladı, sonra – təbii qazla. Bu gün biz bərpa olunan enerji sahəsində genişmiqyaslı layihələri müzakirə edirik. Energetika əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Bununla yanaşı, Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları və Azərbaycanın Şərq–Qərb, Şimal–Cənub kəsişməsindəki mühüm geo-iqtisadi və geosiyasi mövqeyi nəzərə alınaraq əlaqəlilik getdikcə daha böyük əhəmiyyət kəsb edir," – xüsusi nümayəndə vurğulayıb.
E.Əmirbəyov həmçinin Bakı və Varşava arasındakı münasibətlər səviyyəsinə toxunaraq, hazırkı səfərinin davamlı siyasi dialoqun inkişafına yönəldiyini qeyd edib.
"Mən Polşanı ilk dəfə ziyarət etmirəm, lakin bu səfərin məqsədi artıq 33 ildən çox diplomatik münasibətlər çərçivəsində uğurla davam etdirdiyimiz müntəzəm siyasi dialoqa töhfə verməkdir. Polşa hər zaman bizim yaxın tərəfdaşımız olub, Avropa İttifaqı və NATO-da Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Bu, ilin sonunda polyak həmkarlarımızla əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti addımları müzakirə etmək və münasibətlərin cari mərhələsinin yekunlarını çıxarmaq üçün yaxşı fürsətdir," – o, əlavə edib.


