"Azərbaycan bu gün Ermənistanla normal qonşuluq münasibəti qurmaq istəyir. Ona görə də ölkəmiz növbəti humanist addımını atdı".
Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında Azərbaycanın Vaqif Xaçatryan, Gevorg Sujyan, David Davtyan və Viken Eulcekcianı Ermənistana təhvil verməsi haqqında danışarkən deyib.
O bildirib ki, əfv edilənlərdən biri Vaqif Xaçatryandır:
"O, ağır xəstədir. Bu şəxsin müalicə olunması Azərbaycanın üzərinə düşür. Bu səbəbdən də Xaçatryanın ömrünün son günlərini öz ölkəsində keçirməsi, orada müalicə olunması daha məqsədəuyğundur.
Əfv olunanlardan biri də Livan ermənisi Viken Eulcekciandır. Hansı ki, onun həyat yoldaşı Linda Euljekcian bir müddət əvvəl ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edərək ərinin əfv olunmasını, ailəsində böyük bir problemin olduğunu bildirmişdi. Digər əfv olunanların da müəyyən səbəbləri olub".
Millət vəkili vurğulayıb ki, Azərbaycan böyük humanistlik göstərərək onları əfv edib:
"Bu hal bir daha göstərir ki, Azərbaycan ərazisində edilən istənilən cinayətə görə milliyyətindən və vətəndaşlığından asılı olmayaraq cinayətkar Azərbaycan məhkəməsi qarşısında cavab verməlidir. Nəzərə almaq lazımdır ki, erməni vətəndaşlarının cinayəti qanun çərçivəsində təsdiq olundu. Üstəlik, bunu bütün dünya gördü və agah oldu".
Deputat sözlərini belə yekunlaşdırıb:
"Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürüldükdən sonra qonşuluq münasibətləri bütün aspektlərdə öz əksini tapacaq. Hər kəs bilir ki, Azərbaycan sülh istəyir. Ermənistan da bu istiqamətdə addımlar atmalıdır".
Sevinc


