Hikmət Babaoğlu: "Qanuna edilən dəyişiklik mühum əhəmiyyət daşıyır"

SİYASƏT
14:02 / 16.01.2026
130

Prezident İlham Əliyev "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib. 

Bununla kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

Qeyd edək ki, son dövrlərdə ictimai məkanlarda və kütləvi informasiya vasitələrində yayılan bəzi davranış və ifadələrin cəmiyyətin mənəvi dəyərləri ilə ziddiyyət təşkil etməsi ciddi narahatlıq doğurur. Bu baxımdan, qanuna edilən dəyişiklik çox böyük əhəmiyyət daşıyır. Sözügedən qadağa cəmiyyətin sağlam mənəvi mühitinin qorunmasına, ictimai asayişin və milli dəyərlərin müdafiəsinə xidmət edir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Hit.az-a açıqlamasında bildirib ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən dəyişiklik edilməsi informasiya məkanının tənzimlənməsi baxımından mühum əhəmiyyət daşıyır:

"Çünki hüquqsuzluğun olduğu yerdə mütləq şəkildə cinayət baş verir. Cəzanın olmadığı yerdə dəyərlər deqradasiyaya uğrayır. Nəzərə almaq lazımdır ki, informasiya əsrində yaşayırıq. Cəmiyyətdəki bütün dəyərlər informasiya resursudursa, o zaman dövlət bu məsələni hüquqi müstəvidə həll etməlidir. Hesab edirəm ki, cəmiyyətin əxlaqi dəyərlərin nizamlanması baxımından qanuna edilən dəyişiklik mühüm əhəmiyyət daşıyır".

Sevinc

0