İlham Əliyev Davosda görüşlər keçirir- FOTO

SİYASƏT
11:31 / 21.01.2026
46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb.

HİT.az xəbər verir ki, söhbət zamanı “Brookfield Asset Management”in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ARDNF ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı ARDNF-nin “Brookfield” tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı da öz növbəsində Çex Respublikasının Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət edib. Hər iki dəvət məmnunluqla qəbul olunub.

0