“Davos İqtisadi Forumu dünyanın bir qayda olaraq müxtəlif ölkələrindən siyasi liderləri, aparıcı biznes nümayəndələrini, ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platformadır”.
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Forumun keçirilməsində əsaa məqsəd növbəti illər üçün iqtisadi perspektivləri, çağırışları və tendesiyaları müzakirə etmək, bununla bağlı mexanizmlər formalaşdırmaqdır:

“Möhtərəm cənab Prezident İlham Əliyevin yanvarın 19-da Davosa səfər etməsi və Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın artan beynəlxalq rolunun və strateji baxışın parlaq təzahürüdür. Azərbaycan bu gün qlobal çağırışlara realist yanaşma nümayiş etdirən və regional sabitliyə töhfə verən mövqeyi ilə şeçilir. Davos İqtisadi Forumunun iqtisadi güc və investisiya cəlbediciliyini nəzərə alarsaq ölkəmiz geniş fürsətlər pəncərəsinin açılmasının şahidi olarıq. Çünki illərdir düşünülmüş strateji yanaşmaların nəticəsində Azərbaycan kifayət qədər ciddi enerji və nəqliyyat - logistika şəbəkəsi formalaşdırıb. Eyni zamanda, əlverişli investisiya mühiti və geniş imkanlar investorlar üçün ciddi perspektivlər vəd edir”.
Millət vəkili vurğulayıb ki, dövlət rəhbərimizin Forum kontekstində ilk gündən etibarən kifayət qədər geniş və məhsuldar görüşlər keçirməsi təsadüf deyil:
“Prezident İlham Əliyevin “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru, “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru, “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti, Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşü ölkəmizin iqtisadi-ticari əlaqələrini genişləndirməsi baxımından strateji əhəmiyyətə malikdir”.
Günay Ağamalı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Forum çərçivəsində dünyanın aparıcı media platformalarından biri olan “Euronews”-ə verdiyi müsahibə ölkəmizin iqtisadi potensialının, regionda formalaşdırdığı yeni siyasi konfiqurasiyanın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir:
“Dövlət başçısı Azərbaycanın enerji potensialını və infrastruktur imkanlarını qeyd edərək 16 ölkəyə mavi yanacaq ixrac edildiyini bildirdi. Onlardan 10-u məhz Avropa qitəsində yer alır. Bu isə rəsmi Bakının Avropanın enerji bazarında uğurla möhkəmlənməsinin göstəricidir. Bununla yanaşı, cənab Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin artıq praktik müstəvidə reallaşdığının və İrəvana enerji ixracının həyata keçirilməsini vurğulamaqla ölkəmizin sülhün təşəbbüskarı olduğunu təsdiqlədi. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın siyasi və iqtisadi konfiqurasiyasında etibarlı və proqnozlaşdırılan tərafdaş kimi mövqeyini daha da möhkəmləndirir”.
Elmir Mustafa


