Prezidentin Davos səfəri və müsahibəsi: Ciddi mesajlar verildi

SİYASƏT
12:40 / 21.01.2026
155

“Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Davosa səfəri sıradan protokol səfəri deyil, mövcud qlobal siyasi və iqtisadi proseslər fonunda Azərbaycanın öz yerini və mövqeyini bir daha nümayiş etdirmək baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Davos platforması uzun illərdir dünya siyasətinin və iqtisadiyyatının əsas aktorlarını bir araya gətirən, qeyri-rəsmi, lakin real təsir gücünə malik müzakirə məkanıdır:


“Bu mənada, Prezidentin səfəri Azərbaycanın qlobal gündəmdən kənarda qalmadığını, əksinə, prosesləri diqqətlə izlədiyini və aktiv iştirakçı olduğunu göstərir. Səfər çərçivəsində keçirilən görüşlər xüsusilə diqqətəlayiqdir. İlham Əliyevin müxtəlif ölkələrin liderləri, beynəlxalq təşkilatların nümayəndələri və iri biznes strukturlarının rəhbərləri ilə apardığı müzakirələrdə əsas xətt Azərbaycanın etibarlı tərəfdaş imicinin möhkəmləndirilməsi olub. 


Bu görüşlərdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və regional sabitlik mövzularının ön planda olması təsadüfi deyil. Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, həm də Şərq-Qərb və Şimal-Cənub marşrutları üzərində yerləşən mühüm tranzit ölkə kimi çıxış edir. Davosda aparılan müzakirələr göstərir ki, Bakı bu rolu daha da gücləndirmək və onu siyasi dividendlərə çevirmək niyyətindədir”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin forum çərçivəsində etdiyi çıxış da daha geniş strateji yanaşmanın tərkib hissəsi kimi dəyərləndirilməlidir:
“Ölkə rəhbəri çıxışında Cənubi Qafqazda yaranmış yeni reallıqlara toxunulması, postmünaqişə dövründə əməkdaşlıq imkanlarının vurğulanması Azərbaycanın artıq regionda “status-kvonun dəyişdirən” aktor kimi çıxış etdiyini göstərir. Bu, bir növ beynəlxalq auditoriyaya ünvanlanmış mesaj idi. Yəni artıq Azərbaycan münaqişə mərhələsini geridə qoyub və indi regional iqtisadi inteqrasiya, nəqliyyat xətlərinin açılması və uzunmüddətli sabitlik mövzularında əsas söz sahiblərindən biridir. Bu yanaşma həm də Azərbaycanın Qərb üçün niyə vacib tərəfdaş olduğunu izah etməyə xidmət edir”.

Elnarə Akimova qeyd edib ki, səfərin ideoloji və siyasi yükünü isə Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə tamamlayır:
“Müsahibədə səsləndirilən fikirlər daha açıq və sərt siyasi realizm üzərində qurulub. Dövlət başçısının beynəlxalq münasibətlərin “yeni dövrə” daxil olması, güc amilinin ön plana çıxması ilə bağlı fikirləri əslində mövcud qlobal sistemə verilən diaqnoz kimi oxuna bilər. Bu yanaşma Azərbaycanın niyə müstəqil, balanslı və praqmatik xarici siyasət yürütməsini izah edir: rəsmi Bakı qlobal güclər arasında seçim etmək yox, milli maraqlara əsaslanan çevik siyasət aparmaq xəttini üstün tutur.


Müsahibədə Azərbaycanın mövqeyi təkcə regional kontekstdə deyil, qlobal çərçivədə təqdim olunur. İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan heç bir blokun kor-koranə üzvü deyil və öz təhlükəsizliyini, iqtisadi maraqlarını əsasən daxili potensialı və düzgün qurulmuş tərəfdaşlıqlar hesabına təmin edir. Bu mesaj xüsusilə Davos kimi Qərb mərkəzli platformada səsləndirildiyi üçün daha böyük siyasi çəkiyə malikdir”.

Deputat əlavə edib ki, Davos səfəri, keçirilən görüşlər, forumdakı çıxış və “Euronews” müsahibəsi bir-birini tamamlayan vahid siyasi xəttin tərkib hissəsidir:
“Bu xətt Azərbaycanın artıq passiv müşahidəçi yox, regional prosesləri formalaşdıran və qlobal müzakirələrdə öz gündəmini təqdim edən aktor kimi çıxış etdiyini göstərir. İlham Əliyevin Davos mesajları həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün açıq idi: Azərbaycan yeni dünya düzənində öz yerini bilir və bu yeri qorumaq üçün həm siyasi, həm iqtisadi alətlərdən istifadə edir”.

Elmir Mustafa
 

0