“Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir”.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir:
“Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir”.
Qeyd edək ki, Avropa, xüsusilə Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Üstəlik, bu əməkdaşlıq son illərdə davamlı şəkildə genişlənir. Azərbaycan hazırda boru kəməri ilə təbii qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdə qərarlaşıb. Bu amil də Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini daha da möhkəmləndirir və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.
Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan artıq 16 ölkəyə mavi qaz nəql edir:
“Onlardan 10-u Avropa İttifaqının üzvü olan ölkələrdir. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda sülh gündəliyinin yaxından dəstəkləyən ölkə olaraq, Ermənistana benzin ixracatı həyata keçirir. Azərbaycan üzərindən də Rusiyanın enerji məhsulları Ermənistana nəql edilir. Gələcəkdə, Ermənistan Azərbaycan arasında enerji əməkdaşlığının daha da genişləndiriləcəyi istisna deyil. Bu isə ondan xəbər verir ki, Azərbaycan regionun enerji təhlükəsizliyinə töhfə verən ölkədir”.
Millət vəkili hesab edir ki, Azərbaycanın Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığı gələcəkdə daha da güclənəcək və ölkəmizin geo-siyasi mövqeyi də möhkəmlənəcək.
Sevinc



