Azərbaycan Prezidenti İlham Əliyev ölkənin regional siyasəti və beynəlxalq əməkdaşlıq prioritetləri ilə bağlı mühüm açıqlamalar verib.
Dövlətimizin başçısı Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda paneldə çıxış edən Azərbaycanın yerləşdiyi regionda Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə işlək və dost münasibətlər qurduğunu bildirib. Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, bu münasibətlər iqtisadi sahədə də öz əksini tapır və Azərbaycan bir sıra ölkələrlə uğurlu ixrac və ticarət əməkdaşlığı həyata keçirir.
Siyasi şərhçi Tural İsmayılov Hit.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda səsləndirdiyi fikirlər ölkəmizin müasir beynəlxalq münasibətlər sistemindəki müstəsna və sarsılmaz mövqeyinin növbəti parlaq nümunəsidir:

"Ölkəmizin Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qurduğu səmimi, işgüzar və qarşılıqlı hörmətə əsaslanan münasibətlər modeli regionda sülhün və tərəqqinin əsas qarantı kimi çıxış edir. Prezidentin vurğuladığı kimi, Azərbaycanın uğurlu xarici siyasəti regionda düşmənçilik deyil, tərəfdaşlıq mühiti formalaşdırıb. Bu da rəsmi Bakının diplomatik məharətinin və praqmatik dövlətçilik təfəkkürünün nəticəsi kimi qiymətləndirilməlidir".
Ekspert qeyd edib ki, bu gün Azərbaycan Avrasiyanın logistik və iqtisadi xəritəsində sadəcə bir nöqtə deyil, qitələri birləşdirən, enerji təhlükəsizliyini təmin edən və irimiqyaslı layihələrin mərkəzində duran əvəzedilməz strateji qovşaqdır:
"Davos platformasında ölkəmizin ixrac imkanlarının və iqtisadi potensialının bu qədər yüksək səviyyədə təqdim olunması, Azərbaycanın milli maraqlarını qlobal trendlərlə necə böyük ustalıqla uzlaşdırdığının daha bir sübutudur. Ermənistanın bu inkişaf və əməkdaşlıq zəncirindən kənarda qalması isə məhz rəsmi İrəvanın onilliklər boyu yürütdüyü işğalçı siyasətin acı nəticəsidir.
Azərbaycan isə öz növbəsində Cənubi Qafqazın lokomotiv dövləti olaraq həm regional sabitliyə töhfə verir, həm də dünya iqtisadiyyatında söz sahibi olan ölkələr sırasındakı yerini gündən-günə möhkəmləndirir. Əlbəttə ki, bu uğurlar dövlətimizin milli gücünün və liderimizin uzaqgörən siyasətinin beynəlxalq miqyasda qəbul edilmiş qələbəsidir".
Sevinc


