Azərbaycanla ABŞ arasında yeni MƏRHƏLƏ

SİYASƏT
14:30 / 22.01.2026
169

ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığında yeni mərhələ başlayır. 

Belə ki, ABŞ Ticarət Palatası, Dövlət Departamenti və Ticarət Nazirliyinin birgə təşəbbüsü ilə ölkəmizə ilk dəfə ikitərəfli biznes missiyası təşkil olunacaq. Fevralın 9-10-da Bakıda keçiriləcək səfər çərçivəsində ABŞ şirkətləri Azərbaycan dövlət qurumları, dövlət şirkətləri və özəl sektor nümayəndələri ilə birbaşa əlaqələr quraraq əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Əsas diqqətin energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcəyi qeyd olunub. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında bildirib ki, ABŞ-Azərbaycan əlaqələrinin inkişafına şahidlik edəcəyik:


“Məlumdur ki, ötən il avqustun 8-də Vaşinqtonda ABŞ ilə Azərbaycan dövləti arasında bir anlaşma memorandumu imzalandı. Həmin vaxt iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu. Artıq bu kontekstdə tərəflər arasında münasibətlərin inkişafına şahidlik etməkdəyik. 

Dünən də ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri həmin anlaşma memorandumunun icrasını başlamaq məqsədilə ikitərəfli İşçi Qrupu formatında ilk iclası keçirdilər. Görüşdə regional bağlantı və ticarətin gücləndirilməsi, eləcə də süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyaların, habelə təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığa dair memorandum çərçivəsində birgə fəaliyyət müzakirə olundu”.

Millət vəkili qeyd edib ki, Cənubi Qafqazın zəngin iqtisadi potensialının reallaşdırılması üçün Azərbaycanla ABŞ strateji tərəfdaşlıq münasibətlərini genişləndirdir:
“Bu məsələlərlə bağlı müzakirələrin keçirilməsi yolu ilə ikitərəfli faydalı layihələrin işlənib hazırlanması və ən üst səviyyəyə çatdırılması hədəflənir. Rəsmi Vaşinqton bilir ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan sözün həqiqi mənasında öz gücünə reallıqları dəyişdirməklə bu regionun siyasi, iqtisadi və hərbi cəhətdən əsas dövlətidir. ABŞ də bu reallığı qəbul etməklə regionda özünün həm iqtisadi, həm siyasi maraqlarını təmin etmək üçün Azərbaycanın əhəmiyyətini kifayət qədər ciddi surətdə qiymətləndirir”.

Siyasətçi sözlərini belə yekunlaşdırıb:
“Hesab edirəm ki, Azərbaycan-ABŞ münasibətləri bundan sonra da ən üst səviyyədə inkişaf edəcək. İqtisadi sahədə məsələlərin müzakirəsi baxımından dünənki görüşün də əhəmiyyəti kifayət qədər yüksəkdir. Yəni bundan sonra  da Bakı ilə Vaşinqton arasında qarşılıqlı münasibətlərin inkişafına mütəmadi olaraq şahidlik edəcəyik”.

Elmir Mustafa

0